Elçin Mirzəbəyli: "Bu, bütövlükdə Minsk prosesinə vurulan zərbə deməkdir” RƏY-ÖZƏL

“Fransa ilə yanaşı ABŞ-da BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu ölkələr daimi üzv kimi üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvlərinin funksiyasına təşkilatın nizamnaməsinin VI və VII fəsillərində yer alan müddəalar daxildir ki, bu müddəalar separatizmə, işğala qarşı birmənalı mövqe sərgiləməyi zəruri edir” Bu fikirləri SİA-ya siyasi-şərhçi Elçin Mirzəbəyli özünü separatçı rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya daha sonra isə ABŞ-a səfərinə münasibət bildirərkən deyib.

Hər iki dövlətin ATƏT-in Minsk qrupunun həmsədr dövləti olduğunu deyən siyasi şərhçi söyləyib ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi kimi üzərilərinə götürdükləri öhdəliklərə görə, tərəfsizlik nümayiş etdirməlidirlər.

E.Mirzəbəyli söyləyib ki, işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılan qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın qeyri-qanuni olaraq ABŞ-a saxta pasportla səfər etməsi onun hansı statusda səfər etməsindən asılı olmayaraq bu prinsiplərə ziddir: “ Digər tərəfdən bu həm də pasport haqqında dünyada qəbul olunan beynəlxalq konvensiyalardan irəli gələn normaları kobud şəkildə pozur və ABŞ-ın öz qanunvericiliyinə ziddir ”.

Burada bir neçə aspektin olduğunu deyən siyasi şərhçi qeyd edib ki, ilk növbədə bu prosesdə günahkar tərəf ABŞ-ın xarici siyasət idarəsidir: “Bütün hallarda bu şəxsə ABŞ tərəfindən viza verilməli deyil. Bu viza qeyri qanunidir. İndiki halda, məsuliyyət bu səfəri gerçəkləşdirən şəxslərin üzərinə düşəcək. Bu da şübhəsiz ki, ABŞ-ın həm regionda, həm Azərbaycanda nüfuzuna, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi həyata keçirdiyi missiyaya kifayət qədər ciddi zərbə vurur, tərəfsizliyi şübhə altına alır. Bu da bütövlükdə Minsk prosesinə vurulan zərbə deməkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə