"ABŞ Dövlət Departamenti Bako Saakyana viza verməyə bilərdi" ÖZƏL-ŞƏRH

“Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Fransadan sonra ABŞ-da oldu. Bu səfər də Azərbaycanda etirazla qarşılandı”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN separatçıların liderinin ABŞ-a səfərinə etiraz etdi: “Bundan əvvəl eyni etiraz Fransaya ünvanlanmışdı. İki sual aktualdır:

Birinci sual: Separatçıları Parisə və Vaşinqtona kim və ya kimlər dəvət edib?

İkinci sual: Separatçıların bu səfərdən məqsədləri nədir?

Aydındır ki, erməni separatçılarını Fransaya hansısa siyasi mərkəzlər dəvət ediblər. Və həmin mərkəzlər bilirdilər ki, bu səfər Azərbaycanın xoşuna gəlməyəcək. Buna baxmayaraq, həmin mərkəzlər separatçıların liderini dəvət ediblər və bununla Fransa-Azərbaycan münasibətlərini təhlükə altına atıblar. Əlbəttə, bu səfərin təşkil olunmasında Fransadakı erməni lobbisinin də rolu var. Onlar böyük ehtimalla separatçıların liderinin Fransaya səfərini maliyyələşdiriblər. Erməni lobbisinin məqsədi həm Fransanın müxtəlif mərkəzlərinin separatçılara dəstəyinin artırılmasına nail olmaq, həm də Fransa-Azərbaycan münasibətlərinə zərər vurmaqdır.

Eyni sözlər ABŞ-a da aiddir. Bako Saakyanın ABŞ-a səfərini də böyük ehtimalla Amerikada erməni separatçılarına rəğbət bəsləyən mərkəzlər və Amerikadakı erməni lobbisi təşkil edib. Fransada olduğu kimi bu mərkəzlərin də iki məqsədi var. Birincisi, Amerikanın erməni separatçılarına dəstəyini artırmaq, ikincisi, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır.

Biz həm Fransa, həm də ABŞ-dan narazı qalmağımızda haqlıyıq. Çünki, Paris və Vaşinqton istəsəydilər separatçıların bu səfərlərinin qarşısını ala bilərdilər. Məsələn, Abxaziya, Cənubi Osetiya və ya Donbass separatçılarının liderlərinin Fransaya və ya ABŞ səfərlərinə nə Paris, nə də Vaşinqton icazə verər. Belə bir fikir onların ağıllarına da gəlməz. Demək ikili yanaşma var. ABŞ-da və Fransada erməni separatçılarını digərlərindən ayırırlar, onlara daha xoş münasibət var. Bu siyasətin davamı həm Azərbaycan-Fransa, həm də Azərbaycan-ABŞ münasibətlərinə problemlər yarada bilər.

Azərbaycan-Fransa və Azərbaycan-ABŞ iqtisadi və ticarət əlaqələri Ermənistan-Fransa və Ermənistan-ABŞ iqtisadi və ticarət əlaqələrini dəfələrlə üstələyir. ABŞ-la Azərbaycan arasında isə ümumiyyətlə strateji əlaqələr qurulub. İki dövlət arasında ciddi fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Dövlət Departamentinin erməni separatçıların liderini ABŞ-a səfərinə mane olmaması münasibətlərə kölgə salır. Ən azı ABŞ Dövlət Departamenti Bako Saakyana viza verməyə bilərdi. Ancaq həm Paris, həm də Vaşinqton separatçıların liderinə bu vizanı veriblər.

Buna baxmayaraq, Fransa və ABŞ-la münasibətlərdən imtina da edə bilmərik. Hər ikisi dünyanın aparıcı dövlətidir və Azərbaycanla sıx əlaqələrə malikdirlər. Biz əgər Bako Saakyanın səfərinə görə Paris və Vaşinqtonla münasibətləri zəiflətsək bundan ancaq həmin ölkələrdəki erməni lobbisi və erməni separatçıları sevinəcəklər. Əlbəttə, həm Parisi, həm də Vaşinqtonu tənqid etməliyik, ancaq düşmənlərimizi də sevindirməməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...