"Saakyanın məqsədi erməni lobbisindən maliyyə dəstəyi almaqdır" ÖZƏL-RƏY

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın bir neçə gün əvvəl quldur dəstəsi ilə Fransaya səfər etməsi ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasına zidd olduğunu göstərdi. Bu və digər faktlar isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılması məsələsini aktuallaşdırır. Çünki münaqişənin həlli missiyasını öz üzərinə götürən ölkələrdən biri olan Fransanın Azərbaycan torpaqlarındakı separatçıları sərhəddən buraxması və onların rəsmi şəxs kimi qəbul edilməsinə şərait yaratması beynəlxalq hüququn kobud surətdə pozulmasıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Bako Saakyanın orada kimlərlə görüşməsi və nə barədə danışması önəmli olmasa da, həmsədr ölkədə separatçının qəbul olunması yolverilməzdir: “Xatırladaq ki, Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. Bunun qarşısının alınması üçün Fransa tərəfindən heç bir tədbir görülmür. 10-dan artıq şəhər bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb.

Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyan da vaxtaşırı ianə toplamaq üçün Fransaya səfər edir. Bu səfərin ardınca qondarma rejimin başçısı Saakyanın ABŞ-da səfər etməsində məqsəd də məhz buradakı erməni lobbisindən maliyyə dəstəyi əldə etməkdir. Ermənistan və qondarma rejim maliyyə sıxıntıları çəkməkdədir. Belə ki, Paşinyan Fransa, ABŞ və Avropa İttifaqından istədiyi maliyyə dəstəyini ala bilmədi. Bunun üçün də növbə qondarma rejimin başçısındadır ki, o, da öz maliyyə dəstəyini təmin etmək üçün Fransaya ardınca ABŞ səfər edərək maliyyə yardımları istəməkdədir. Bir sözlə qondarma rejimin başçısı da dilənçiliklə məşğuldur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə