Yeni Azərbaycan Partiyası bu günün, sabahın və gələcəyin partiyasıdır! TƏDBİR+FOTOLAR - VİDEO

YAP Yasamal rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ldönümü keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında partiyanın yaradılmasının 26-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları və qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək, Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirələrini ehtiramla yad ediblər.

Tədbir YAP Yasamal rayon təşkilatının binasında davam etdirilib.

Tədbir iştirakçıları binada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə gül-çiçək dəstələri düzüblər.

Sonra tədbir YAP Yasamal rayon təşkilatının akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.

Tağı Əhmədov hazırda YAP-ın yüz minlərlə üzvlərinin olduğunu qeyd edərək, onu da bildirib ki, bu gün Ulu öndər Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanın inkişafını, tərəqqisini öz müdrik, məqsədyönlü və qətiyyətli siyasəti ilə gerçəkləşdirir.

Çıxışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra söz, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərova verilib. O, qeyd edib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır: “Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”.

Ziyafət Əsgərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 26 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar: “Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir".

“O da əbəs deyil ki, bu gün YAP istər bütövlükdə Qafqazın, istərsə də Cənubi və Şimali Qafqazın ən böyük siyasi təşkilatıdır”, deyə qeyd edən Z.Əsgərov bu gün inkişaf edən Azərbaycanın bütün sahələr üzrə tərəqqi etdiyini də deyərək bildirib ki, Azərbaycan gəncliyi bu tarixi hər zaman xatırlamalı və öyrənməlidir: “Bu gün Azərbaycan artıq kosmik ailənin üzvüdür, ölkəmizin kosmosda üç peyki fəaliyyət göstərər və hər bir ölkə belə bir uğurlu sıçrayışa nail ola bilmək iqtidarında deyil. Ümumiyyətlə, bütün uğurların təməlində də məhz YAP-ın tarixi konsepsiyası dayanır”.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə öz çıxışında bildirib ki, YAP müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır: “İllər öncə Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlərin nə qədər dolğun, indiki reallıqları əks etdirdiyinin şahidi oluruq. Müstəqilliyin ilk illərində baş verən hadisələr hər birimizin yadındadır. Qısaca olaraq qeyd etmək lazımdır ki, insanların sabaha inamının olmadığı bir zamanda meydana gələn və az vaxtda böyük bir qüvvəni ətrafında toplamağı bacaran Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunub saxlanması və daha da möhkəmlənməsində misilsiz işlər gördü”.

Milli Məclisin vitse-spikeri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova da öz çıxışında bir sıra aspektlərə toxunaraq qeyd edib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi: “Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib”, deyə qeyd edən Bahar Muradovanın sözlərinə görə, xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var: “Çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün Müstəqil Azərbaycan və Yeni Azərbaycan Partiyası bir-birini tamamlayan bir reallıqdır. Qoy, müstəqil dövlətimizlə partiyamızın bayraqları daim bir yerdə dalğalansın!”.

“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçdiyi 26 illik şərəfli yoldan danışıb: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar, "91-lər" Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət "SƏS" qəzetində dərc olundu. İndi demək asandır, ancaq həmin vaxt "SƏS" qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi”.

Bəhruz Quliyev eyni zamanda xatırladıb ki, həmin vaxtlarda yaradılan Yeni Azərbaycan Partiyası məhz müxalifət partiyası kimi yaradılmışdı: “Lakin həmin müxalifətçilik xalqa qarşı deyildi. Bu müxalifətçilik müstəqilliyimizi təhlükə altına salan qaragüruhçu hakimiyyətə qarşı idi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətənini, dövlətini ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər”.

“SƏS” Media Qrupun rəhbəri daha bir xatırlatma da edərək deyib ki, bir neçə gün öncə, özlərini müxalifət adlandıranların Milli Dirçəliş Günündə Şəhidlər Xiyabanı önündə siyasi aksiya keçirmək cəhdləri artıq onların kimliklərini bir daha bəlli etdi: “Onlar şəhidlərimizin ruhlarına qarşı öz hörmətsizliklərini göstərərək, heç vaxt Azərbaycanın milli, dövlətçilik maraqlarına xidmət etmədiklərini bir daha təsdiq etmiş oldular. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir”.

Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov bu gün Azərbaycanın inkişaf və tərəqqi etdiyini bildirib və bu inkişafda Yasamal rayonunun da yer aldığını vurğulayıb: “Bu gün ölkəmizdə aparılan quruculuq və tərəqqi proseslərinin hər biri Yeni Azərbaycan Partiyasının apardığı siyasətin tərkib hissəsidir və bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Cənab Prezident, partiyamızın Sədri, möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Əziz Əzizov ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən Azərbaycan gənclərinə böyük etimad göstərildiyini, diqqət və qayğının hər zaman olduğunu bildirib: “YAP-ın xalqın ən inamlı partiyası olmasını şərtləndirən digər vacib amil partiya sıralarına Azərbaycanın sağlam, intellektual gənclər ordusunun axınıdır. Bütün bunlar eyni zamanda, təməli 26 il öncə qoyulmuş Yeni Azərbaycan Partiyasının apardığı siyasətin təməllərindən biridir".

Çıxışlardan sonra təhsildə qazandıqları uğurlarda fərqləndiklərinə görə, Yasamal rayonu ərazisində fəaliyyətində göstərən Zərifə xanım Əliyeva adına liseyin, İncəsənət gimnaziyasının, 13 və 53 nömrəli tam orta məktəblərinin şagirdlərinə, rayonun inkişafında uğurlu nəticələr göstərən müxtəlif idarə və müəssisə əməkdaşlarına Yasamal İH və YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanlar, partiya sıralarına yeni keçənlərə isə partiyanın vəsiqələri təqdim olundu.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə