Düşmən üzərində diplomatik qələbə TƏHLİİL

Belorus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın səfiri Lətif Qəndilovla söhbətindən sonra yaşanan diplomatik qalmaqal əbəs yerə deyil və Ermənistan tərəfinin narahatçılığı da başadüşüləndir. Prezident Lukaşenko səfir Qəndilovla söhbətində Ermənistanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), həm də Avrasiya İqtisadi Birliyinə rəhbərlik etməsindən narahatlığını bildirməkdə əslində haqlıdır və Ermənistanın bunu bacaracağına şübhə ilə yanaşması da normaldır, amma işğalçı dövlət bunu həzm edə bilmir.

Aleksandr Lukaşenkonun bu məsələni məhz Azərbaycanın səfiri ilə müzakirə etməsi isə Yerevanda əməlli başlı rezonans doğrurb və ciddi etiraza səbəb olub. Hətta, istefada olan, lakin formal da olsa baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bərk narahat olduğu ifadə etdiyi fikirlərdə açıq-aşkar bilinir. Dövlət başçılarının qapalı formatda keçirilən danışıqlarda müzakirə edilən mövzunu qurumun üzvü olmayan dövlətin səfirinə Prezident Lukaşenkonun danışmağına etirazı Paşinyanın fikirlərinin əsasını təşkil edir. Əlbəttə, Paşinyanın narahatlığı heç də təsadüfi deyil və o çox yaxşı başa düşür ki, Ermənistanın sözügedən görüşdə müzakirəsi işğalçı dövlətin əleyhinədir.

Azərbaycan KTMT-nın üzvlərinə Ermənistandan daha yaxın müttəfiqdir və qurum üzvləri ölkəmizlə dost münasibətindədirlər

Maraqlıdır, idarəetmə, dövlətçilik təcrübəsi 30 ildən çox olan Aleksandr Lukaşenkoya küçə nümayişlərindən gətirilmiş və bir neçə ay hakimiyyət kürsüsündə oturdulmuş bir nümayişçi səhv tutur, yoxsa, onun fəliyyətini bəyənmir? Aleksandr Lukaşenko nə demək, nə səbəbə demək və nəyə görə demək lazım olduğunu çox yaxşı bilir və bir erməni nümyişçisinin ona iradı çox yersiz, öz fəaliyyəti qədər gülünc görünür. Belorus prezidentinin fikirləri heç də təsadüfi ola bilməz və o Ermənistanın bacarıqsızlığı, səriştəsizliyi barədə dediklərində haqlıdır. Əvvəla, bu barədə fikirlərini, söylədiklərini bütün dünya ictimaiyyəti də açıq-aşkar bilir və bu səsləndirdikləri heç də sirr deyil. Digər tərəfdən, zəngin idarəçilik təcrübəsinə malik olan Prezident Lukaşenkonun söylədikləri təsadüfi yox, məhz əvvəlcədən düşünülmüş addımdır. Daha doğrusu bu Ermənistana çox aydın şəkildə verilmiş bir mesajdır və ölkəmizin səfiri Lətif Qəndilovla söhbətində Belorus Prezidenti açıq-aydın mesaj verir ki, Azərbaycan bu qurumun digər üzvlərinə Ermənistandan daha yaxın müttəfiqdir.

Məsələ burasındadır ki, Aleksandr Lukaşenko bu fikirdə tək də deyil və onun mövqeyini Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də dəstəkləyir. Bu isə o deməkdir ki, qurum üzvləri Ermənistanla yox, məhz Azərbaycanla dost münasibətindədirlər və ölkəmizin maraqlarını müdafiə edirlər. Elə buna görə də Paşinyanın kürkünə birə düşüb və narahatlığı da bu səbəbdəndir. Hətta, istefada olan baş nazir narahatlığını gizlədə də bilmir və bu barədə Rusiyanın Prezidenti Vladimir Putinlə telefonla danışığı onun bərk qıcıqlandığını təsdiq edir.

Ola bilsin N.Paşinyan Rusiyadan diplomatik yardım umur, amma Moskvanın sükutu əslində Ermənistana layiqli cavabdır və bir çox məqamlara aydınlıq gətirir. Əgər Belorus və Qazağıstan çox rahat şəkildə Ermənistan əleyhinə mövqe sərgiləyirsə və Rusiya buna münasibət belə bildirmirsə, deməli, rəsmi Moskva işğalçı dövlətin yeni hakimiyyətinə həddini bildirir. İndi Paşinyan yaxşı başa düşür ki, KTMT-nin keçmiş baş katibi Yuri Xaçatoruva cinayət işi açdığına görə Rusiya tərəfindən cəzalandırılır. Bir sözlə, Lukaşenko ilə haqq-hesab çəkmək üçün Moskvaya müraciət edən, kömək istəyən Paşinyanın özündən hesab sorulur və indu onun özü-özünü çətin duruma saldığını yaxşı başa düşür.

Düşmənə verilən sərt mesajlar növbəti diplomatik zərbədir

Ermənistanın, ələlxüsus Paşinyanın belə bir gərgin halında Prezident İlham Əliyevin Belarus səfiri Gennadi Axramoviçlə görüşü də düşmənə diplomatik zərbə oldu. Daha dəqiq desək, Belarus Prezidentinin Azərbaycan səfirilə görüşündən sonra Yerevanın hay-küy salmasının fonunda KTMT-nin problemi quruma üzv olmayan dövlətlə yenidən müzakirə edilirsə, bu özü düşmən üzərində diplomatik qələbə hesab olunur. Azərbaycan Prezidentinin Belarus səfirilə görüşü çərçivəsində KTMT-nin probleminin Ermənistan olduğu səsləndirilirsə, bu işğalçı ölkəyə yerini göstərmək deməkdir və eyni zamanda o deməkdir ki, Ermənistan KTMT-yə üzv olsa belə həmin qurumda Azərbaycanın nüfuzu və hörməti qat-qat artıqdır.

Belarus səfiri Gennadi Axramoviçlə görüşdə ölkə Prezidentinin səsləndirdiyi fikirlər Ermənistana sərt diplomatik mesajlar idi. Cənab Prezidentin də dediyi kimi, Türkiyə, İsrail, Pakistan, Avropanın bir sıra ölkələrindən də silah alan Azərbaycana əgər hərbi texnikanın ən böyük tədarükçüsü Rusiyadırsa, Ermənistan da iradlarını yalnız Belorusa bildirirsə, deməli, işğalçı dövlət sadəcə acizlik nümayiş etdirir. KTMT-nin digər üzvü Rusiya Azərbaycana silah satdığı halda rəsmi yerevan səsini belə çıxara bilmirsə və buna hünəri belə çatmırsa, deməli, KTMT-nin də bərabərhüquqlu üzvü sayıla bilməz. Ermənistanın özünü həmin blokun daxilində sayan, hesaba alan yoxdursa bu heç də təsadüfi deyil, əksinə, işğalçı ölkənin acizliyi fonunda tam normal təzahürdür.
Cənab Prezident İlham Əliyevin Belarus səfiri Gennadi Axramoviçlə görüşü Ermənistanı narahat etməyə bilməz və artıq ermənilər özləri də bilirlər ki, KTMT-nin ən böyük probleminin elə Ermənistan olduğu öz təsdiqini tapır. Əgər KTMT üçün də, Rusiya üçün də Ermənistan problem olaraq qalırsa, deməli, Sarkisyan rejimi ilə yeni hakimiyyətin heç bir fərqi yoxdur. Bir sözlə, Sarkisyan problem yaratdığı kimi Paşinyan da problem yaratmaqda davam edir.

Ermənistanın problem olduğu barədə Belorus prezidenti ilə Qazaxıstanın prezidentinin eyni mövqedə olmasını, hətta Azərbaycanın səfiri ilə bu məsələnin müzakirə də olunduğunu, eyni zamanda həyacan siqnalı olaraq Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəngindən sonra rəsmi Moskvanın sükutunu nəzərə alsaq işğalçı dövlətin hansı durumda olduğunu, daha dəqiq desək, diplomatk məğlubiyyətini dərk etmək çətin deyil. Ermənistanda müşahidə olunan rezonans, erməni mətbuatındakı təlaş əbəs yerə olmadığı göz qabağındadır və indi ermənilər bu diplomatik məğlubiyyəti etiraf etməkdə, qəbul etməkdə çətinlik çəkirlər. Amma bütün bunlara baxmayaraq, yəni işğalçı dövlət istər qəbul etsin, istərsə də etməsin, əslində bu Azərbaycanın düşmən üzərində növbəti diplomatik qələbəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə