"XXI əsr: Modern cəmiyyət- insan tərbiyəsində qadınların rolu" KONFRANS - SƏSTV

Bu gün Yeni Azərbaycan Partiyasının inzibati binasında YAP Qadınlar Şurası ilə YAP Gənclər Birliyinin birgə təşkil etdiyi "XXI əsr: Modern cəmiyyət - insan tərbiyəsində qadınların rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universiteti rektoru Nurlana Əliyeva, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, deputatlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və digərləri iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən Nurlana Əliyeva bildirib ki, tədbirin mövzusu çox aktualdır. Onun sözlərinə görə, tədbir anaların, qadınların fəaliyyətinə, qloballaşan əsrdə onların önəminə həsr olunub: "Biz başa düşürük ki, qadınlarsız mübarizə yoxdur. Qadınların tərbiyəsi olmadan, fəaliyyəri olmadan heç bir uğur əldə edə bilmərik. Biz bu günə qədər qurbanlar vermişik, süfrəmizin başında əzilən nankor qonşulardan xəyanətlər görmüşük. Biz heç zaman torpaqlarımızın bir qarışandan keçməyi xəyalımıza gətirməmişik. Biz torpaqlarımızdan dönən deyilik. Hər birimiz vaxtilə adi həyat, evdar qadın kimi yaşamışıq. Bizim ağlımıza gəlmirdi ki vaxt gələcək Ulu Öndər Heydər Əliyevin sayəsində biz öz mübarizliyimizi cəmiyyətə təqdim edəcəyik".

N.Əliyeva qeyd edib ki, bu gün dünyada müharibələrdən, silahlardan daha üstünü tərbiyədir: "Lakin qlobal dünyada bu tərbiyəni nümayiş etdirmək həddindən artıq çətindir. Bu gün İqtisadiyyat, mədəniyyət, təhsil qloballaşdığından evlərdə övlad tərbiyə etmək çox çətinləşir. Biz bu gün balalarımızı mütaliəyə, milli ruhumuza, mədəniyyətimizə uyğun tərbiyə etməliyik. Hər bir cəmiyyətin inkişafı, tərəqqisi onun tərbiyəsindən asılıdır. Bu gün bizim işimizin bir tərəfi çətin olsa da, digər tərəfdən çox asandır. Çünki dövlət siyasəti bizə bu sahədə istiqamət verir".

Bu gün Azərbaycan dünyaya sülhpərvərlik toxumları səpdiyini deyən rektor vurğulayıb ki, bütün dünya ölkəmizin tərəqqisinin fərqindədir: "Multikulturalizm, tolerantlıq dəyərlərinə görə ölkəmiz nümunəyə çevrilib. Əgər bu gün gənclərimizin tərbiyəsi düzgün qurulmursa, o zaman modern cəmiyyətdən danışa bilmərik. Modern cəmiyyətdə bütün gözəllikləri bizə bəxş edən dövlətimizin qədrini bilmək lazımdır. Övladlarımız çətinliklə yaradılan xoşbəxtliyin necə yarandığını dərk etməli, vətənin hər işində özlərini borclu bilməlidirlər. Modern cəmiyyətdə özü-özünə yaranmır. Biz bunun üçün övladlarımıza kömək etməliyik".

Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor Sahibə Qafarova beynəlxalq aləmdə zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, ənənəvi istiqamətlərdə, dövlət strukturlarında fəaliyyətlərinin genişləndirilməsi istiqamətində yaradılan şərait bir sıra problemlərin həllində yardımçı olub: "Azərbaycanda modern dövlət olaraq gender bərabərliyi istiqamətində mühüm addımlar atılır Bu gün qadınlarımız Milli Məclisdə, təhsil, səhiyyə sahəsində, orduda, dövlət orqanlarında və digər sahələrdə təmsil olunurlar. Gender bərabərliyi siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub. Yüzlərlə qadın öz bacarıqlarını nümayiş etdirir, mühüm nailiyyətlər əldə edib.Bu gün normativ hüquqi aktlarda gender bərabərliyi diqqətdə saxlanılır. Qadınlara qarşı ayrı-seçkiliyə yol verilmir. Yaradılan münbit şərait qadınlarımızın bütün sahələrdə fəallığını şərtləndirir".

Deputat deyib ki, Azərbaycan xanımları bütün dövrlərdə öz ağlı, zəkası ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında böyük fəaliyyət ortaya qoyublar: "Bu gün də işgüzar, cəsarətli qadınlarımız var. Ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti hər birimiz üçün fəxr, qurur mənbəyidir. Onun həyata keçirdiyi bütün işlər milli maraqlarımıza söykənir. Bu gün qadınlarımız Mehriban xanımın fəaliyyətini özünə örnək sayır. Azərbaycanın Birinci xanımı beynəlxalq arenada qadınlarımızı yüksək təmsil edir. Bu zəngin fəaliyyət qadınlarımıza geniş yol açır. Bu gün öz işində peşəkar bacarıqlı olan xanımlarımız nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur".

Qadınlarımızın dövlət orqanlarında uğurla fəaliyyət göstərdiyini deyən S.Qafarova qeyd edib ki, qadınlarımız elmi nailiyyətləri ilə seçilir: "Azərbaycan diplomatiyasının uğurlarında da qadınlarımızın rolu danılmazdır. Xaricdə yaşayan qadın üzvlərimiz çox fəal şəkildə fəaliyyət göstərir, idmançı qadınlarımız bayrağımızı yüksəklərə qaldırırlar. Bir sözlə ifadə etsək deyə bilərik ki, gender siyasəti bu gün modern Azərbaycanda prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".

YAP GB-nin sədri Seymur Orucov da çıxışında söyləyib ki, cəmiyyətin inkişafında fədakarlıq nümayiş etdirən anaların rolu böyükdür: "Azərbaycanda prezident İlham Əliyev və ailəsi cəmiyyətimiz üçün fədakarlıq edirlər. Prezidentin silahdaşı olan Birinci xanım Mehriban Əliyeva cəmiyyətin inkişafı üçün gördüyü işlər nümunədir. Bu gün Xocalının dünyada tanınması, ekologiya ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən mühüm tədbirlər keçirilir".

S.Orucov söyləyib ki, Azərbaycan Avropaya inteqrasiya edən ölkə olsa da milli mənəvi dəyərlərə bağlıdır: "Bunun ən böyük göstəricisi ailə dəyərlərimizdir ki, buna diqqətlə yanaşıb, qorumalıyıq. Azərbaycan kişiləri qadınlarımıza qarşı həssasdır və onlara qayğı ilə yanaşırlar. Bu gün Milli Məclisdə qadınlarımızın sayı kifayət qədərdir. İcra orqanlarında, bələdiyyələrdə qadınlarımızın sayı artmaqdadır Partiyamızın qarşısında duran məqsədlərdən biri gələn il bələdiyyə seçkilərində gənclərimizin sayını 50 faizədək artımını təmin etməkdir".

Konfransın davamında çıxış edən Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva vurğulayıb, bu gün Azərbaycanda qadınlarımıza bərabər hüquqlar verən təkmil qanunvericilik bazası var. Bunun sayəsində qadınlarımızın cəmiyyətimizin hər bir sahəsində inkişafını görə bilirik. Bu gün qeyri-ənənəvi sahələrdə, sahibkarlıqda, hüquq mühafizə orqanlarında qadınlarımızın sayının artdığını görürük. Bu da o deməkdir ki, qadınlarımız dövlət tərəfindən onlara yaradılan şəraitdən istifadə edərək öz bacarıqlarını nümayiş etdirmək istəyirlər. Amma qadınlarımızın hansı sahədə çalışmasına baxmayaraq, onlar həssas, zərif cinsin nümayəndələridirlər. Onları qorumaq vacibdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə