“Belarus Azərbaycanın milli maraqlarına hörmətlə yanaşır" ÖZƏL-RƏY

“Azərbaycan və Belarus arasındakı münasibətlər bu gün yaxın dostluq və mehriban qonşuluq münasibətidir. Hər iki ölkə bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq əsas götürülmək, beynəlxalq birlikdə stabillik və əməkdaşlıq uğrunda birgə mübarizə aparmaq prinsiplərini əsas götürürlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bu siyasət hər iki ölkənin maraqlarına cavab verir və hər iki ölkə arasındakı əməkdaşlığı yüksək səviyyəyə qaldırıb: “Bütün sahələr üzrə siyasi, iqtisadi, hərbi-texniki əməkdaşlıq, beynəlxalq aləmdə məsələlər üzrə ölkələrin əməkdaşlığı mövcuddur. Azərbaycanın Ermənistandan başqa bütün dövlətlərlə dostluq siyasəti yeritməsi bütün ölkələrdə olduğu kimi Belarus ilə də münasibətlərdə özünün müsbət nəticələrini verir. İlk növbədə ölkələr bir-birinin daxili və xarici siyasətinə hörmətlə yanaşdıqlarını bildirirlər. İkincisi, ölkələr stabillik, insan hüquqlarının qorunması, beynəlxalq aləmdə hərbi münaqişənin aradan qaldırılması kimi prinsiplərə riayət edirlər. İqtisadi əməkdaşlıq ildən-ilə genişlənir.

Bu gün demək olar ki, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, bu istiqamətdə iki ölkənin əməkdaşlığı mümkün olmasın. Artıq iki ölkənin iqtisadi əməkdaşlığı, birgə fəaliyyət üçüncü ölkələrə də çıxmağa imkan verir. Bu isə əlbəttə ki, yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar ən əsası isə ölkələrin bir-birinə inamının artırılmasına səbəb olur. Belarus Azərbaycanın ərazi bütövlüyünü tanıyır, eləcə də ölkəmizin milli maraqlarına hörmətlə yanaşır. Cənab Prezidentimizin Belarusa səfəri iki dost ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə