"Separatçıların həmsədr ölkələr tərəfindən dəvət olunmasını düzgün hesab etmirəm" MÜNASİBƏT- ÖZƏL

“Qondarma rejimin rəhbəri kimi özünü qələmə verən Bako Saakyanın həmsədr ölkələr tərəfindən dəvət olunmasını düzgün addım hesab etmirəm. Çünki bu, Dağlıq Qarabağ və onun ətrafında baş verənlərə aid məsələlərin həllində konstruktiv addım deyil”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

O bildirib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” müzakirə tərəfi olmadığı üçün, separatçı rejimin Fransa və ABŞ-a səfəri problemin həllində daha da konstruktiv mövqeyə gətirib çıxara bilər.

Bundan öncədə belə halların baş verdiyini deyən ekspertin sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi indidə məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoymaqdadır: “Təbii ki, bu danışıqlar prosesinə ciddi təsir etmək imkanına malik deyil. Amma problemin həlli istiqamətində vasitəçi kimi iştirak edən ölkələr tərəfindən bu cür addımların atılması müsbət hal deyil”.

Azərbaycanın ABŞ, eləcə də Fransa ilə ikitərəfli münasibətlərə malik olduğunu deyən T.Vahabov söyləyib ki, bu ölkələr də Azərbaycanın regionda olan vacibliyini anlayır: “İnanırıq ki, bu ölkələr bundan sonra ikitərəfli münasibətlərə xələl gətirəcək addımlara yol verməyəcəklər”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, separatçı rejimin “rəhbəri” Bako Saakyan noyabrın 14-də Fransaya, noyabrın 16-da ABŞ-a səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi həmin səfərlərlə bağlı Fransa və ABŞ hökumətinə etirazını bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...