"Səfər Belarus Azərbaycan münasibətlərinə ciddi töhfə verəcək" MÖVQE-ÖZƏL

“Belarus Azərbaycan strateji tərəfdaşlıq münasibətlərində olan bir dövlətdir. İki dövlət arasındakı əlaqələr həm tarixi köklərə söykənir, həm dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir, həm də eyni zamanda hər iki ölkənin xalqının da bir-biri ilə ciddi mədəni əlaqələri var”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olması təəccüb doğurmur: “Çünki, Azərbaycanda Belarusları, Belarusda da azərbaycanlıları sevirlər. Bu ölkəyə dəfələrlə səfər edən bir insan kimi mən özüm də bunun şahidi olmuşam. Həm Azərbaycanın, həm də Belarusun dövlət başçıları bu ənənələri, münasibətləri daha da inkişaf etdirmək əzmindədirlər. Hər iki prezident ciddi siyasi iradə sahibi olan insanlardır. Bu amil də münasibətlərin yüksək səviyyəyə qalxmasından xəbər verir”.

Hər iki ölkənin bir-biri ilə iqtisadi maraqlarının olduğunu deyən siyasi şərhçi maraqların uzlaşdığını, ölkəmiz ən kritik anlarda Belarusun yanında olub və təmənnasız bir dost ölkə olduğunu nümayiş etdirdiyini dilə gətirib.

E. Mirzəbəyli deyib ki, eyni zamanda Belarus da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, dövlətimizin nümayəndələrinin iştirak etmədiyi ayrı-ayrı təşkilatlarda beynəlxalq hüququn prinsiplərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir: “Bu qarşılıqlı münasibət şübhəsiz ki, dövlətlərarası münasibətlərin inkişafında çox etimadlı bir bünövrə yaradıb. İndiki şəraitdə Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfərini də bu aspektdən dəyərləndirmək, həm də münasibətlərin inkişafına çox ciddi töhfə verə biləcək səfər kimi qiymətləndirmək lazımdır”.

Siyasi şərhçi qeyd edib ki, səfər çərçivəsində çox ciddi sənədlərin imzalanması nəzərdə tutulub: “Bu sənədlər həm iqtisadi, həm müxtəlif - təhsil, mədəniyyət və digər istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradacaq. Bu baxımdan hesab edirəm ki, Belarusla Azərbaycan arasında məsafə kifayət qədər uzun olsa da, həm siyasi, həm mədəni, həm də qarşılıqlı etimad kifayət qədər sıx zəncirlərlə bir-birinə bağlıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə