Bakıda narkotiklərlə mübarizəyə dair konfrans keçirilib TƏDBİR-FOTOLAR- VİDEO-YENİLƏNİB

Bu gün Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyada üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, eləcə də müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib və həmin ərazidən Avropaya narkotik vasitələr daşınır. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərində narkotik maddələr yetişdirirlər. Narkotik vasitələrin istehsalı və tranziti bazasının yaradılması, terrorçu qrupların formalaşdırılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi ilə təhlükənin miqyası daha da artırılıb. Bu işğalçı siyasət beynəlxalq normaları pozur”.

Ə.Həsənov SSRİ dövründə sərhədlərin yaxşı qorunduğunu da qeyd edib: "SSRİ dövründə Azərbaycan sərhədlərini rusiyalı sərhədçilər qoruyurdu. Etiraf edək ki, sərhədlər çox güclü qorunurdu. Oradan narkotik keçirmək mümkün deyildi. SSRİ dağıldıqdan sonra sərhədlər də dağıldı və bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratdı. Amma hazırda ölkə sərhədləri daha güclü qorunur".

Baş nazirin müavini əlavə edib ki, bu ilin 10 ayı ərzində 2655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixatrop maddələr qanunsuz dövriyyədən çıxarııb ki, onlardan 1 ton 177 kiloqram heroin təşkil edib: “Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə etməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin müalicə etməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə çıxışında bildirib ki, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinəqarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi daim ön planda saxlanılır: “Belə ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyanın yayılmasına qarşı mübarizə Azərbaycanda aidiyyətiorqanların daim diqqət mərkəzindədir.Narkomaniyaya qarşı mübarizənin hüquqi bazasının təkmilləşdirilməsinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ölkəmizdə xüsusi diqqət yetirilir.

Qeyd etmək istərdim ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı və bu ərazilərdəki dövlət sərhəddinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində bu ərazilərdən digər dövlətlərə narkotik maddələrin axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunur. Bu gün BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasının iştirakçılarını da bu məsələ düşündürməlidir.

Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunmuş, müasir texnika və avadanlıqlarla təchiz edilib. Məhz bununla əlaqədar olaraq, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb”.

Eyni zamanda, toplantıya Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.

Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsilə bağlı 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə