"Həmsədr ölkələr qondarma rejimə imkan yaradırlar" AÇIQLAMA-ÖZƏL

“Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın bundan əvvəl Fransaya və daha sonra ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupun fəaliyyətinə ləkədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, həmsədrlərin bəyanatlarına ilə əməli işlərinə nəzər saldıqda, onlar arasında kifayət qədər ziddiyyətli məqamları görmək mümkündür.

Bu cür səfərlərin Azərbaycanda ATƏT-in Minsk qrupuna olan inamını daha da azaldığını deyən politoloq təəssüflə qeyd edib ki, ölkəmiz tərəfindən həmsədrlərə bununla bağlı dəfələrlə müraciətlərin olunsa da, onlar tərəfindən heç bir reaksiya verilmir: “Belə vəziyyətdə Minsk qrupunun iş əmsalı, real fəaliyyəti xeyli dərəcədə azalır. Qurumun qarşıya qoyduğu məqsədlərlə, atdıqları addımlar üst-üstə düşmür. Biz buna təəssüf edirik”.

İ.Vəlizadə vurğulayıb ki, sözügedən səfərlər Azərbaycanla FRAnsa və ABŞ arasında münasibətlərə xələl gətirə bilər: “Qondarma rejimin məhz Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkələrə səfərlər etməsinin məqsədi öz varlığını göstərməkdir. Onlar bu addımlarını erməni ictimaiyyətinə rəsmi səfərlər kimi təqdim edərək rəsmi şəkildə ölkələr arasında tanınmadıqlarına baxmayaraq, əslində vəziyyətin başqa cür olduğunu, səfər etdikləri ölkələrlə “xarici siyasət” apardıqlarını nümayiş etdirməyə çalışırlar. Lakin ən pisi həmsədr ölkələrin qondarma rejimə öz istədiklərini deməyə imkan yaratmasıdır”.

Separatçı rejimin Fransa və ABŞ-a səfər zamanı onlardan maliyyə dilənçiliyi etməsi məsələsinə gəlincə politoloq qeyd edib ki, qondarma rejim bu ölkələrin rəsmi dairələrindən maliyyə yardımı istəyə bilməz.

Minsk qrupunun tərkibin dəyişdirilməsi məsələsinə gəlincə, İ.Vəlizadə bildirib ki, bunu etmək üçün konsensus olmalıdır: “Minsk qrupunun bütün üzvləri həmsədr ölkələrin dəyişdirilməsinə razı olmalıdır. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi öz kəskin narahatçılığını bildirərək, problemin həlli üçün başqa imkanlarının mövcudluğu məsələsini ortaya qoyur”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, separatçı rejimin “rəhbəri” Bako Saakyan noyabrın 14-də Fransaya, noyabrın 16-da ABŞ-a səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi həmin səfərlərlə bağlı Fransa və ABŞ hökumətinə etirazını bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...