"Fransa yerində qalsa sözümüz havada qalacaq" ÖZƏL-ŞƏRH

“Fransa prezidenti Emmanuel Makron oktyabr ayında Azərbaycana rəsmi səfər etməli idi. Ancaq Fransa prezidenti Azərbaycan əvəzinə Ermənistana səfər etdi. Bu da Azərbaycanda xoş qarşılanmadı. Belə xəbərlər var ki, Makron ilin sonuna qədər Azərbaycana da gələcək. Ancaq Fransadakı siyasi mərkəzlərin erməni lobbisi ilə birgə həyata keçirdikləri təxribatlar – bələdiyyə başçılarının Dağlıq Qarabağa intensiv səfərləri və separatçılarının lideri Bako Saakyanın Parisə dəvət olunması Makronun dekabr ayında Azərbaycana səfərini sual altında qoyur. Halbuki, bu səfər zamanı Fransa ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri də müzakirə olunmalıdı”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Fransanın əvəzinə başqa Avropa ölkəsi ilə hərbi əməkdaşlığı genişləndirməyə qərar verə bilər: “Digər tərəfdən Fransanın böyük şirkətlərinin Azərbaycanda fəaliyyətləri məhdudlaşdırıla bilər. Bütün bunların baş verməməsi üçün rəsmi Paris Dağlıq Qarabağa səfərlərin qarşısını almalı və separatçıların Fransaya səfərlərinə icazə verməməlidir. Bu olarsa Azərbaycan-Fransa münasibətlərinə təhlükə yaranmaz. Makron qərar verməlidir. Rəsmi Bakının Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrlikdən uzaqlaşdırılması məqsədilə ATƏT rəhbərliyinə müraciət edəcəyini düşünmürəm. Çünki, Fransa yerində qalsa sözümüz havada qalacaq. Bunu hakimiyyət dəhlizlərində hesablamamış deyillər. Buna baxmayaraq, Azərbaycan televiziyalarında Fransaya qarşı tənqid kampaniyasının başlanması da maraqlı tendensiyadır. Tapşırıq var. Əvvəllər Almaniya hədəf seçilərdi, Fransaya xüsusi münasibət var idi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə