Hərbi qulluqçuların etibarlı sosial müdafiəsi uğurla təmin edilir DÖVLƏT QAYĞISI

Cənab İlham Əliyev öz uğurlu fəaliyyəti ilə vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi prosesi davam etdirilir və bu faktor ilk növbədə belə deməyə zəmin yaradır ki, son illərdə dövlət başçımız məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılmasına, ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə xüsusi önəm verir. Məhz bu baxımdan, demək mümkündür ki, bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir.

Ümumiyyətlə, sözügedən Fərmanın Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edə bilərik.

11.000 manat birdəfəlik ödəmənin verilməsi də bu amilin tərkib hissəsidir

O da əbəs deyil ki, Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində Cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd edərək, bu vədlərin reallaşdırılması üçün müvafiq fərmanlar imzalayır və . ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi də bu amilin tərkib hissəsidir. Eyni zamanda bu, ölkə rəhbərimiz öz uğurlu fəaliyyəti ilə vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.

Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib

Onu da xatırlada bilərik ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılaraq, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmişdi. Həmçinin, qanuna uyğun olaraq, sığorta ödənişlərinin verilməsinə prosesinə də başlanılmışdı. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdı. Məhz buna görə də, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir.

Artıq, bu ilin 14 noyabr tarixindən başlayaraq, birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparır. Onu da qeyd edək ki, bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

Xalq sui-istifadəçi “hüquq müdafiəçilərinin” və bəzi siyasətbazların iddialarını rədd edir

Lakin təəssüflə qeyd etməliyik ki, bəzi şəxslərin dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək cəhdləri də mövcuddur. Bu kateqoriyaya aid insanlar əsasən 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra artıq müvafiq ödəmələri ya alıblar, ya da belələri bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslərdir. Daha dəqiq desək, Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu kimi humanist, nəcib və qayğıkeş addıma ləkə yaxmaq istəyən bəzi maraqlı siyasi qruplar, ayrı-ayrı fərdlər isə həmin şəxslərin iddialarından sui-istifadə etməyə çalışırlar. Belələri əsassız ittihamlar irəli sürür, qanundan kənar yollarla həmin vəsaitlərə yiyələnməyə cəhd edənlərə özlərini “haqqın müdafiəçisi” kimi sırımağa çalışırlar. Lakin onların bu cür əməlləri əlbəttə ki, heç bir nəticə verməyib və verməyəcək. Çünki dövlətinin bu kimi humanist addımlarından bəhrələnən xalq sui-istifadəçi “hüquq müdafiəçilərinin” və bəzi siyasətbazların iddialarını rədd edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə