Ombudsman Aparatının rəhbəri beynəlxalq konfransda iştirak edib

Bu günlərdə Moskva şəhərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi və Rusiya Federasiyası Konstitusiyasının qəbulunun 25 illiyi münasibətilə "Avrasiya məkanında insan hüquqlarının müdafiəsi: ombudsmanların bu sahədə müsbət iş təcrübələrinin bölüşülməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı həmin konfransda iştirak edib.

Tədbirə bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, Rusiya Federasiyasının hökumət və parlament üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm adamları qatılıblar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı həmin konfransda “Demokratik, hüquqi, sosial dövlət ideyası Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edildiyini, dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyinin ən yüksək səviyyədə bəyan olunduğunu, Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını demokratik, hüquqi, sosial dövlət ideyası təşkil etdiyini, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmini və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində müvafiq dövrün prioritetlərinə uyğun sənədlərin qəbul olunduğu, həmin sənədlərdə normativ-hüquqi bazanın insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, institutsional islahatların həyata keçirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin görülməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi sahəsində önəmli vəzifələr nəzərdə tutulduğu və uğurla icra olunduğu diqqətə çatdırılıb.

A.Səfixanlı Azərbaycan Respublikasında son illər ərzində aparılan məhkəmə hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradıldığını, dövlət başçısının qətiyyətli siyasi iradəsi nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirildiyini bildirib.

Vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılmasının ölkəmizdə mühüm antikorrupsiya tədbirlərindən biri olduğu vurğulanıb, ASAN xidmətin artıq bir Azərbaycan brendinə çevrilərək və bu gün bir çox ölkələr üçün insan hüquqlarının müdafiəsi baxımından müsbət təcrübə kimi qiymətləndirildiyi nəzərə çatdırılıb.

Çıxışda həmçinin artıq 16 ildir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsində mühüm rol oynayan və səmərəli mexanizmlərdən sayılan Ombudsman təsisatının fəaliyyət göstərdiyi, Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının qorunması vəziyyətini daim diqqət mərkəzində saxladığı, insan hüquq və azadlıqlarının daha səmərəli təmini ilə əlaqədar təklif və tövsiyələr verdiyi, aidiyyəti qurumlar qarşısında məsələ qaldırdığı, bir çox problemlərin həllinə nail olduğu, insanların Müvəkkilə öz müraciətlərini təqdim etmələri üçün geniş imkanların yaradıldığı qeyd olunub, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tətbiq etdiyi çoxsaylı müsbət təcrübələr barədə məlumat verilib.

Konfransda çıxış edən ombudsmanlar və digər ekspertlər Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatları və Azərbaycan Ombudsmanının bu istiqamətdə fəaliyyəti barədə məlumatı maraqla dinləyib müsbət qiymətləndiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə