Ermənipərəst Fransa beynəlxalq hüquq normalarını pozur TƏHLİL

Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfəri digər belə səfərlərdən fərqli olmayaraq yenə də uğursuz cəhd kimi nəticələnəcəyinə zərrə qədər şübhə ola bilməz. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz şəkildə, özü də beynəlxalq hüququn norma və prinsplərinin kobud şəkildə pozulması ilə yaradılan oyuncaq bir qurumun beynəlxalq səviyyədə təşviq edilməsi cəhdi yalnız uğursuz nəticələr vəd edir.

Erməni xisləti sözsüz ki, artıq bütün dünya ictimaiyyətinə bəllidir və saxtalaşdırılmış tarixin, zəbt edilmiş, eyni zamanda özlərinə aid olmayan ərazilərin özününküləşdirilməsi üçün apardıqları təbliğat kompaniyalarının maiyyəti nə dünya ictimaiyyəti, nə də ki, beynəlxalq qurumlar üçün sirr deyil. İşğalçılar hər zaman ciddi cəhd ilə təbliğat maşınını işə salmaqla başqalarına məxsus olanı mənimsəmək, ələ keçirmək niyyəti güdürlər və bu artıq erməni ənənəsi kimi qəbul olunur. Heç bir qurum, heç bir beynəlxalq təşkilat, eləcə də heç bir dövlət bunu təkzib edə bilməz və Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi torpaqları olduğunu hər kəs çox gözəl bilir.

Fransa beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə hörmətsizlik nümayiş etdirməkdə davam edir

Maraqlıdır, əgər Qarabağın Azərbaycan torpaqları olduğu şəksiz-şübhəsiz bilinirsə, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın bu ərazilərdən işğalçıların qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsi varsa, o zaman Fransa kimi bir Avropa ölkəsi həmin ərazilərdə qanunsuz şəkildə yaradılmış, özü də məhz işğalçılar tərəfindən qurulmuş qondarma rejimin, qondarma rəhbərini hansı məntiqlə, hansı əsasla qəbul edir? Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan Fransa ilk növbədə BMT-nin qərar və qətnamələrini kobud şəkildə pozduğunun fərqində deyilmi? Bəzən bütün dünyaya Avropa mədəniyyətindən, qərar və qətnamələrə hörmətlə yanaşmağın vacibliyindən dərs keçmək iddiasında olan Fransa özü bu qərar və qətnamələrə hörmətsizlik nümayiş etdirir. Fransanın ermənipərəst mövqeyi əslində çoxdan özünü təsdiq edib, lakin bu mövqeyi belə bu dövlətə belə bir addım atmağa əsas verə bilməz. Təəccüblüdür ki, BMT kimi bir təşkilat niyə bu vaxta qədər Fransaya ən azından öz qərarlarına hörmətlə yanaşmadığı üçün heç bir xəbərdarlıq etmir və bu hörmətsizliyə biganədir?
Yaxud qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa beynəlxalq hüquq normalarını pozduğunun fərqində deyilmi? Qanunsuz şəkildə, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə, qondarma olaraq, özü də işğalçı rejim tərəfindən qurulan, kimsə tərəfindən tanınmayan bir qurumun bir Avropa ölkəsinə səfərinə imkan yaratmaq qanun pozuntusu, beynəlxalq hüquq normalarının pozulması deyilmi və bunu Fransa hökuməti dərk etmirmi? Fransa tərəfi ermənipərəst mövqeyi və qanunsuz sərəflərin gerçəkləşdirilməsinə şərait yaratmaqla beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə hörmətsizlik nümayiş etdirməkdə davam edir.

İşğalçıların səfərinə imkan yaratmaq beynəlxalq öhdəlikləə də hörmətsizlik deməkdir

Fransa ermənipərəst mövqeyi ilə, işğalçılara təbliğat və təşviqat üçün şərait yaratmaqla Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna xələl gətirir. Dünyanın çox nüfuzlu təşkilatları tərəfindən hazırlanmış qlobal hesabatlarda kifayət qədər iqtisadi qüdrətə malik bir ölkə olduğu etiraf olunan Azərbaycan iqtisadi əlaqələr, ikitərəfli münasibətlər baxımından bütün dünya ölkələri üçün maraq dairəsindədir və Fransanın bu münasibətlərin ruhuna uyğun davranmaması ilk növbədə həmin ölkənin öz maraqlarına da ziddir. Çünki, Ermənistandan fərqli olaraq Azərbycan iqtisadi əlaqələr üçün çox səmərəli ölkədir və ikitərəfli münasibətlərin pozulması heç də Fransanın mənafeyinə uyğun deyil.
Əfsuslar olsun ki, Fransa hələ də imzalanmış sazişlərin dilinə uyğun davranmır. Fransa hələ də öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa hansı təhlükəsizlikdən danışır, əgər özü bu təhlukəsizliyin pozulmasında müstəsna rol oynayırsa? Bu gün separtçı rejimə, işğalçılara şərait yaratmaq işğalçılığa dəstək vermək deməkdir. Belə olan halda, BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa təhlükəsizliyin pozulmasına öz dırnaqarası tövhələrini verir və ardınca bu ölkənin təhlükəsizlik barədə iddiaları da məntiqsiz və yersizdir.

Qanlı etnik təmizləməyə imza atanların təntənəli şəkildə qəbul edilməsi vasitəçilik missiyasının layiqincə yerinə yetirilimədiyini təsdiq edir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın qondarma rejimin təbliğinə, təşviqinə şərait yaratmaqla vasitəçilik etməsi heç kimə lazım deyil. Çünki, Fransa bununla öz obyektivliyini və qərəzsizliyini ciddi sual altında qoyur və münqişənin həllinə köməklik edəcəyi heç də inandırıcı görünmür. Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə yol verməklə Fransa öz vasitəçilik missiyasını layiqincə yerinə yetirmədiyini təsdiq edir.
Öz öhdəliyini, öz vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməyən ölkənin vasitəçiliyinə Azərbaycanın, yaxud hansısa ölkənin ehtiyacı yoxdur. Hələ də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Fransa vaxtaşırı səfərlər edirsə də məsələnin həllində zərrə qədər nailiyyət qazana bilməyib və belə gedərsə qazana biləcəyi də mümkünsüzdür. Əksinə, belə bir ermənipərəst mövqeyi, ikili standatrları ilə Fransa münaqişənin nizamlanmasına yalnız maneçilik törətməkdə davam edə bilər.

Fransa tərəfi işğalçıların səfərinə şərait yaratdığı üçün açıqlama verməlidir

Fransa işğalçı rejimin təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi ilə, hər dəfə öz ermənipərəst mövqeyi, ikili standartları ilə Azərbaycan ictimaiyyəti arasında öz nüfuzuna ciddi zərbə vurur. Nəinki nüfuzuna zərbə vurur, indi Azərbaycan ictimaiyyəti Fransadan nə vasitəçilik gözləyir, nə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi təhlükəsizliyə hansısa töhvə verəcəyinə inanmır. Əksinə, təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti Fransanın bu münqaişənin həllinə mənfi təsir göstərdiyinin şahididir. Belə olduğu təqdirdə, Fransanın həmin həmsədr ölkələr siyahısından üzaqlaşdırılması məsələsi gündəmdə olmalıdır.
İşğalçı rejimin təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi məsələsi ilə bağlı Fransa tərəfinə Azərbaycanın diplomatik kanallarla qəti etirazını bildirməyə haqqı var. Qarşı tərəf isə öz dırnaqarası fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən, eləcə də ermənipərəst mövqeyindən, ikili standartlarından dolayı bu etirazı qəbul etmək məcburiyyətindədir. Fransa tərəfi eyni zamanda bununla bağlı öz münasibətini bildirməyə, açıqlama verməyə borcludur. İstər beynəlxalq hüquq normalarının pozulması baxımından, istərsə də ərazi bütövlüyünə etinasızlıq etdiyi üçün Fransadan belə bir açıqlama gözləməkdə Azərbaycan dövləti haqlıdır. Əks halda, Fransa tərəfindən davamlı şəkildə yürüdülən bu ermənipərəst siyasət və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanın Fransa ilə əlaqələrini nəzərdən keçirməyin vacibliyini labüd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə