“Fransa Bako Saakiyanın terrorçu qurumun rəhbəri olduğunu bilmir?” AÇIQLAMA

“Qondarma “DQR” rejiminin rəhbəri Bako Saakiyan sərhədi keçəndə Fransa rəsmiləri və gömrüyü bilib ki, bu şəxs terrorçu qurumun rəhbəridir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, belə bir adamın ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan Fransa sərhədini keçməsi və Fransada müvafiq dairələrlə danışıqlar aparması təbii ki, təəssüf doğurmaya bilməz: “Fransa bizə yalnız ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi maraqlı deyil, Fransa eyni zamanda, Azərbaycanın Avropa məkanında önəm verdiyi, əməkdaşlıq etdiyi dövlətlərdən biridir. Fransa da Azərbaycana çox böyük önəm verir və Azərbaycanın bölgənin lider dövləti olduğunu anlayır, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu aydın şəkildə dərk edir. Amma Avropa məkanında ən güclü maliyyə imkanlarına malik olan erməni diasporası məhz Fransadadır. Digər tərəfdən isə bir qayda olaraq fransız siyasətçiləri ölkədə keçirilən seçkilər zamanı erməni əsilli fransız seçicilərinin səslərini nəzərə almaq məcburiyyətindədirlər. Ermənilərin Fransada səsləri 1 milyondan aşağı deyil. Ümumiyyətlə, biz bilirik ki, üzdən iraq “Dağlıq Qarabağ Respublikası”nın rəsmiləri Fransada, o cümlədən Birləşmiş Ştatların müəyyən şəhərlərində kampaniyalar keçirirlər və bu kampaniyaların keçirilməsində məqsəd ianələr toplamaq, dilənçilik yolu ilə maliyyə vəsaiti əldə etməyə çalışmaqdır. Azərbaycanın hüquqi var ki, bu məsələni Fransanın diqqətinə çatdırsın və Bako Saakiyan kimi adamların bu səpkili dövlətləri tərəfindən qəbul olunması Fransa-Azərbaycan münasibətlərinə kölgə sala bilər ki, bu da nə Fransanın, nə də Azərbaycanın maraqlarında deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə