"Paşinyan iki qurumun arasında qalıb" AÇIQLAMA-ÖZƏL

“Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, regionda böyük proseslər baş verə bilər. Məlum məsələdir ki, ayrı-ayrılıqda dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllini dəstəkləyir, lakin bu dəstəkləmələrə baxmayaraq, münaqişə həll olunmur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

Paşinyanın mitinqlərdən vəzifəyə gəlmiş bir namizəd olduğunu deyən siyasi şərhçi söyləyib ki, onun sırf təmiz iqtisadi, siyasi, hərbi doktrinası yoxdur: “O, mitinqlərdən qayıdandan sonra prosesləri “məxməri inqilab” adlandırdı. Məxməri inqilabların hər birinin arxasında konkret proqram və müəyyən dövlətlər dayanır. Paşinyan baş nazir olduqdan sonra hiss olundu ki, həm Qərb, həm də Rusiya buradakı dəyişiklikdə maraqlıdır. Soros Fondunun əli ilə burada müəyyən qurumlar yaradılmasına baxmayaraq, Rusiya da burada baş verənlərdən paralel olaraq yararlanmağa çalışır. Yəni Paşinyan üçün hazırda əsas məqsəd iki tərəfin də vəsaitini əldə etməkdir. Çünki Ermənistanda iqtisadi vəziyyət pis gündədir”.

A. Nağıyev söyləyib ki, Paşinyan hakimiyyəti bu gün iki qurumun arasında qalıb: “Lakin ən mühüm məsələ Dağlıq Qarabağ məsələsidir. Paşinyan hakimiyyətə gələn kimi ilk olaraq Dağlıq Qarabağın separatçı rəhbərinin üçüncü tərəf kimi bu danışıqlara qatılmasını istədi. Daha sonra BMT Baş Assambleyasının 73-cü sesiyasında başqa bəyanat verdi, Düşənbə sammitində isə bu məsələdən imtina etdi. Bu o deməkdir ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə oyun oynayır, siyasi gedişlər edir. Digər tərəfdən, Paşinyan istefa verəndən sonra özündə baş nazir səlahiyyətlərini saxladı. Baş nazir səlahiyyətlərini saxlamaqdan istifadə edərək, Çarukyan Bloku, Daşnaksütyun və Sarkisyanın partiyası ilə Rusiyanın razılığı əsasında separat danışıqlara getdi. Parlamenti buraxmaq üçün onlardan baş nazirliyə öz namizədlərini göstərməmələrini istədi. Seçki öncəsi də müəyyən ərazilərdə qubernator, bələdiyyə seçkiləri keçirildi. Bu da Paşinyanın həyata keçirdiyi siyasi gediş idi. O, Daşnaksütyundan və digər müxalif qruplardan olan qubernatorları çıxarıb yerinə öz adamlarını gətirdi. Bu, gələcək seçkilər üçün hazırlıqdır”.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın bu gün Paşinyanı tam şəkildə cəzalandırması mümkün deyil: “Cəzalandırsa, Rusiyanın Ermənistanda olan qoşunları çıxmalı, Dağlıq Qarabağ məsələsi alovlanlanmalı və digər müxtəlif hadisələr baş verməlidir. Bu gün Rusiya ola bilsin ki, müəyyən qədər Paşinyana sarı kart göstərsin, amma tam anlamı ilə Paşinyanı cəzalandırmasını müşahidə etməyəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə