"Fransa vasitəçi olaraq üzərinə götürdüyü öhdəliklərə zidd addım atır" RƏY-ÖZƏL

“Qarabağdakı separatçıların başçısı Saakyanın Fransaya son səfərinin daha çox Ermənistanda gedən siyasi proseslərlə bağlı olduğunu düşünmək olardı, nəinki Qarabağ məsələsi ilə bağlı. Şübhəsiz ki, Qarabağ məsələsi ilə bağlı geniş müzakirələr aparılmamış olmaz. Lakin hazırda həm xaricdəki erməni diasporunu, həm Ermənistandakı erməniləri düşündürən məsələ hakimiyyət məsələsidir. Qarabağ məsələsini isə onlar seçkilərdən sonra yenidən gündəmə gətirməyi düşünür, vaxt qazanmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Bako Saakyanın səfər proqramının gündəminə nəzər yetirəndə separatçıların başçısının Fransa erməni ittifaqlarının koordinasiya şurasının həmsədrləri, Daşnaksütyun üzvləri ilə görüşdüyünü də bilirik: “Daşnaksütyun Sarkisyanın hakimiyyəti illərində Ermənistanda iqtidarla yaxınlaşıb, Rusiyayönümlü hakim Respublika Partiyası ilə parlamentdə ittifaqda olub, hökumətdə bir neçə nazirlə təmsil olunub. Fransa erməni diasporu Bako Saakyandan "Qarabağ klanı"na deyil, Paşinyana dəstək verməyi tələb edə bilər. Eyni zamanda, Saakyana və separatçı Qarabağ ermənilərinə bunun qarşılığında diaspora tərəfindən maliyyə və başqa sahələrdə dəstəyin davam etdirilməsi vəd oluna bilər”.

Politoloq söyləyib ki, Ermənistanın Fransaya yeni təyin olunmuş səfiri Asmik Tolmacyanın Saakyanı görüşlərdə müşayiət etməsi, Saakyanın Ermənistan pasportu ilə Fransaya səfər etməsi onu göstərir ki, bu səfər Ermənistan hakimiyyəti, Paşinyan tərəfindən dəstəklənir, Bako Saakyan özbaşına gedib erməni diasporu ilə görüşmür. Qeyd etdiyimiz kimi Bako Saakyanın səfərinin mahiyyətinə, onun orada kimlərlə görüşməsinə diqqət yetirsək, görərik ki, onun səfərinin məqsədi ehtimal ki, Ermənistandakı siyasi vəziyyət və seçkilərlə bağlıdır. Fransadakı erməni diasporu indiyədək Saakyanın qondarma rejiminə milyonlarla avro pul verib İndi isə verilən bu pulların qarşılığında ondan diasporanın namizədi olan Paşinyana qarşı çıxmamaq, ona hərtərəfli dəstək göstərmək tələb olunur”.

N.Məmmədova qeyd edib ki, lakin səfərin məqsədindən asılı olmayaraq, separatçı rejim başçısı Bako Saakyanın Fransaya qeyri-qanuni səfəri beynəlxalq hüquq normalarının, Avropa Birliyinin norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, Fransa-Azərbaycan ikitərəfli münasibətlərinə, bu dövlətin BMT Təhlükəsizlik Şurasının Daimi üzvü kimi statusuna, ən əsası isə Minsk qrupunun həmsədr ölkəsi olaraq öz üzərinə götürdüyü öhdəliklərə ziddir.

Politoloq əlavə edib ki, son dövrlərdə böyük dövlətlərin - xüsusilə, ABŞ, Fransa, Rusiyanın Cənubi Qafqaz regionu uğrunda nüfuz savaşı, xüsusilə Azərbaycanla müqayisədə zəif olan və böyük dövlətlərin nüfuz dairəsinə keçməyə meylli olan Ermənistan və Gürcüstan uğrunda xeyli şiddətlənərək açıq geosiyasi müstəviyə keçib: “Fransa prezidenti Makronun Frankofoniya adı altında baş tutan tədbirdə iştirak etmək bəhanəsi ilə Ermənistana gəlməsi, Paşinyanla görüşməsi, Fransada yaşayan erməni diasporunun üzvlərini də hərəkətə gətirib. Fransa Gürcüstanda seçkilərdə də Rusiyaya bağlı İvanaşvilinin partiyasının Fransa vətəndaşı olmuş, bu ölkənin Gürcüstanda keçmiş səfiri Salome Zurabiaşvilinin namizədliyini dəstəkləməsi onu deməyə əsas verir ki, Fransa-Rusiya ittifaqı Cənubi Qafqazda ABŞ-a qarşı birləşib. Gürcüstan və Ermənistanda Fransa və Rusiyanın razılaşaraq hakimiyyətə öz yaxın adamlarını - Zurabiaşvili və Paşinyanı gətirmək istəməsi müşahidə olunur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə