"Fransanın atdığı addımlar münasibətlərimizə zərbədir" ŞƏRH-ÖZƏL

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq, özünü bitərəf oyunçu kimi nümayiş etdirərək birmənalı şəkildə separatçı rejimin “rəhbəri” Bako Saakyanı qəbul etməməlidir. Əvvəlcə Parisdə onun hansı sənədlə bu ölkəyə gəldiyini soruşmalıdır. Çünki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir dövlət tərəfindən tanınan qurum olmadığı və separatçı rejim olduqları üçün onun pasportu yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, hər kəsə yaxşı məlumdur ki, Bako Saakyan erməni pasportu ilə səfər edir və həmin sənədə Fransa tərəfindən viza qoyulur: “ Bu açıq şəkildə həm beynəlxalq hüquq normalarının tapdalanması, həm faktiki olaraq diplomatik münasibətlərə bir zərbədir, həm də Vyana Konvensiyasına zidd hərəkətdir”.

Fransa tərəfindən belə addımların qəbul olunmaz olduğunu deyən F. Sadıqov söyləyib ki, separatçı rejimin rəhbəri Vaşinqtona, Londona, Parisə getmək niyyətində ola bilər: “Amma Fransa buna imkan verməməlidir. Fransa tərəfindən atılan bu addımlar Azərbaycanla bu ölkə arasında olan münasibətlərə zərbədir. Bu bizim münasibətlərimizi korlayan, xələl gətirən bir addımdır. Çünki, Fransa həmsədr kimi bunu etməməlidir. Biz buna biganə qalmamalıyıq”.

Politoloq qeyd edib ki, artıq Fransa öz bitərəfliyini itirir: “Bu da əlbəttə ki, münaqişənin həllinə mənfi təsir göstərir. Ümumiyyətlə, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr arasında Almaniya, Böyük Britaniya, Türkiyə də təmsil olunsa idi, yaxşı olardı. Amma iş orasındadır ki, bu ssenari 1990-cı ilin əvvəllərində elə qurulub ki, heç kim bura müdaxilə edə bilmir. Faktiki olaraq qeyri-rəsmi şəkildə qəbul olunan qərara görə, əgər Minsk qrupunda hər hansı həmsədr dəyişilsə, mütləq gərək münaqişə tərəflərinin hər ikisinin də razılığı olmalıdır. Amma təcrübə göstərir ki, burada rotasiya şəklində digər Avropa ölkələrinin nümayəndələri təmsil olunmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...