"Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır" TƏKLİF-ÖZƏL

“1994-cü ildən bu günədək ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində hansısa ciddi bir irəliləyişə nail ola bilməyiblər. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyindən danışaraq daha fəal olmağa səsləyib. Fikrimcə, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsə daha məqsədə uyğun olar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Bu gün münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlərin olduğunu deyən politoloq söyləyib ki, BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun: “ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərini konkret olaraq ifadə edirlər. Fransa isə əksinə qondarma rejimə qarşı açıq-aydın meyilləri var. Bu günlərdə Fransa da açıqlama verdi ki, biz “Dağlıq Qarabağ respublikası”nı tanımırıq. Lakin hesab edirəm ki, Fransa dövlət nümayəndələrinin tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil etmələri bu dövlətin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır”.

Politoloq əlavə edib ki, Fransa həmsədrlikdən uzaqlaşdırılıb yerinə Almaniya gətirilsə, daha məqsədəuyğun və səmərəli bir addım olar: “Sadəcə olaraq Minsk qrupu yeni bir formatda yola davam etməlidir ki, fəaliyyətində səmərəlilik artsın”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə