“Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır” ÖZƏL-ŞƏRH

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir: “Ona görə də Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standarlara yol verir, terroristə cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır. Bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmi təşviq etmiş olur. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə təəssüf edilməli haldır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb. Fransanın prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir.

Bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir tam əksinə çox açıq şəkildə postovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyanlar bu Avropa ölkəsində sərbəstcə dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir. Bütün bunlar azmış kimi Fransanın xeyli sayda şəhəriAzərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq kimi quru diplomatik ifadələrlə cavab verir. Əslində isə bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir.

Tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Lazım gələrsə ölkəmizdə fəaliyyət göstərən çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması məsələləri nəzərdən keçirilməlidir. Əks təqdirdə bu tipli gizli dəstəklər gələcək də açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki, bu da nəinki Azərbaycan üçün, bütövlükdə Avropada, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və.s. etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu da bütün dünyada yeni çaxnaşmaya səbəb olar. Ona görə də Avropa İttifaqına üzv olan dövlətələr də daxil olamqla beynəlxalq təşkilatlar da Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə