Aydın Mirzəzadə: “Biz Fransa dövlətindən prinsipial mövqe gözləyirik” ÖZƏL-RƏY

“Fransa dövləti Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini Ermənistan pasportu olması və şəxsi səfər kimi qiymətləndirir. Amma digər tərəfdən Fransa dövlətinə Bako Saakyanın işğal edilmiş torpaqlarında qondarma administrasiyanın rəhbəri olduğu yaxşı məlumdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün işğalçılıq və başqa dövlətin ərazisini nəzarət altında saxlamaqla məşğul olan bir insanın öz ölkəsinə daxil olmasına icazə verilməsinin özü düzgün deyil: “Biz Fransa dövlətindən bu məsələ ilə bağlı bir prinsipial mövqe gözləyirik. Çox istərdik ki, Fransa Azərbaycanın ərazi bütövlüyün tanıdığı, problemin həlli üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi bu məsələdə daha katiqorik bir mövqe tutaydı. Bu baxımdan Bako Saakyan və onun kimilər artıq gələcək səfərlər etməmişdən əvvəl çox ciddi düşünərdilər. Yəqin ki Azərbaycanın diplomatik strukturları tərəfindən bu məsələ ciddi şəkildə Fransa tərəfinə çatdırılacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə