Sərdar Cəlaloğlunun fikirləri müxalifəti yenidən qarışdırdı İTTİHAM

Sosial şəbəkələrdə ənənəvi düşərgə tərəfdarları ADP sədrinə qarşı hücumlara start veriblər

Etiraf edilməlidir ki, uzun illərdir ənənəvi müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri zaman-zaman bu düşərgədə baş verən məğlubiyyət səbəblərini sadalayır, uğursuzluqlarda günahları olan tərəfləri ittiham atəşinə tuturlar. Lakin dəfələrlə sübuta yetirilib ki, sağlam tənqidi ümumiyyətlə qəbul etməyən müxalifət təmsilçiləri dərhal qarşı tərəfi hakimiyyətə yarınmaqda və s. məsələlərdə suçlamağa başlayırlar. Düzdür, həmin tənqidləri dəstəkləyən partiya sədrləri olsa da, onların sayı azlıq təşkil edir.

“Uzun illərdir səhvlərimizi deyirəm”

Bu arada, onu da qeyd etmək yerinə düşərdi ki, ADP sədri Sərdar Cəlaloğlu artıq bir neçə gündür müxalifətyönlü mediada tənqidi silsilə fikirləri ilə çıxış edir, müxalifət n məğlubiyyət səbəblərini izah etməyə çalışır. Belə ki, “son vaxtlar Azərbaycanda müxalifətin fəaliyyətsizliyi ilə bağlı diskussiyalar artıb. Gah siyasətçilər, gah da partiyalar ittiham olunur. Mən də elmi şəkildə nə üçün 30 ildə uğurlar qazanmadığımızı göstərmişəm”, deyən demokratların sədri həmçinin bildirib ki, onun bir sıra şərtləri var və onlar qəbul edilməyəncəyə qədər müxalifət düşərgəsinin hər hansı bir uğurundan danışmağa dəyməz: “Qeyd etdiyim şərtlər aradan qaldırılmayınca Azərbaycan müxalifəti heç bir halda nailiyyət əldə edə bilməyəcək. Uzun illərdir səhvlərimizi deyirəm. Amma heç kəs məni eşitməyib. Çünki uzun zaman aparıcılıq müxalifət düşərgəsində AXC-yə məxsus olub. Onlar da tamamilə başqa dəyərlər, prinsiplər aparıblar. Hətta rəhbəri olduğum ADP-yə vaxtilə Rəsul Quliyev rəhbərlik edəndə onunla aramızda ciddi fikir ayrılıqları olub. Məsələn, biz proseslərə başladığımız 90-cı illərdə hökumətin mitinqə icazə verməsini doğru saymadım və istədiyimiz yerdə mitinq keçirməyin vacibliyini bildirdim. O zaman hamı üstümə gəldi ki, sənin nə məqsədin var, niyə icazə verilən yerdə keçirməyək...”.

Müxalifət düşərgəsində heç vaxt eynifikirlilik olmayıb

Gördündüyü kimi, vaxtilə ADP-nin radikal baxışlarla çıxış etməsinin tərəfdarı olduğunu inkar etməyən, hətta bunu etiraf edən S.Cəlaloğlu, hazırkı məqamda, yəni radikal siyasi mübarizənin doğru olmadığını dediyi bir vaxtda, bir zamanlar onun radikallıq çağırışlarına dəstək verməyən və hazırda radikal siyasətə üstünlük verən tərəflərin hücumlarına məruz qalmaqdadır. Bu amil isə, eyni zamanda belə bir nəticəyə də gəlməyə zəmin yaradır ki, ənənəvi müxalifət düşərgəsində heç vaxt eynifikirlilik olmayıb. Əksinə, birinin dediyini digəri həzm etməyib.

Maraqlısı da budur ki, bütün bunları bilə-bilə, ADP sədri guya düşərgənin normal siyasi müstəviyə geri dönərək, uğur qazanması üçün şərtlərinin qəbul olunması vacibliyini deyir. Halbuki, onun özü də yaxşı bilir ki, hər hansı bir şərti qəbul olunmayacaq.

“Avropada oturub siyasətçilər getməlidir, bu belə, o belə olmalıdır filan deyən bloggerlərə elmi əsaslarla cavab vermişəm”

Yeri gəlmişkən, ADP sədri Müsavat və AXCP rəhbərliyini hədəfə almağı da unutmayıb və bu partiyaların “liderlərinin” müxalifəti hazırkı səviyyəyə qədər endirdiklərini bildirib. Məsələn, “Müsavat və AXC-nin rəhbərliyi altında uzun illər apardığımız mübarizə nə dünya təcrübəsinə, nə də elmi prinsiplərə uyğun deyil”, qeyd edən S.Cəlaloğlu onun üçün də heç bir nəticənin olmadığını bildirib, eləcə də Avropada özlərini “müxalifətçi” elan edənlərin də “siyasətçilər getməlidir” fikirlərini də sərt şəkildə tənqidə məruz qoyub: “Avropada oturub siyasətçilər getməlidir, bu belə, o belə olmalıdır filan deyən bloggerlərə elmi əsaslarla cavab vermişəm. Əgər sən qanunları bilməyib, yaxud bilib onlara əməl etmirsənsə, heç bir nəticə qazana bilməzsən”.

ADP sədri AXCP sədri Əli Kərimliyə və onun “söyüş qrupuna” da söz atıb

ADP sədri sosial şəbəkələrdə fəaliyyət göstərən və “liderlərinin” göstərişləri əsasında trolluq edənlərin də “bostanların daş atıb”. O, dolayısı ilə AXCP sədri Əli Kərimliyə işarə edərək, Hindistanın məşhur siyasətçisi Qandinin sitatını gətirib: “Qandi deyir ki, hörmət şəraiti olmadan heç bir demokratik mübarizədə nailiyyətə ümid etmək olmaz. Yaxud deyir ki, qeyri-etik münasibət ədalətin qarşısını kəsir. Azərbaycanda isə hazırda belədir, hərə bir söyüş briqadası yaradıb, sosial şəbəkələri söyüş məkanına çevirib. Azərbaycanı elə bir günə gətirib çıxardılar ki, siyasət küçə davranışları həddinə çatdı. Bu səbəbdən narahatlığımı bu cür ifadə etmişəm. Apardığımız mübarizənin qaydalarını bilmədiyimiz üçün heç bir uğura ümid etmək olmaz. Kimin güclü və ya zəif olduğunu da deyə bilmərik. Biz qaydasız döyüşə girmişik. Bu döyüşdə heç bir nailiyyət qazana bilmərik...”

Beləliklə, fakt budur ki, ADP sədri S.Cəlaloğlunun öz dili ilə desək, “elmi araşdırma-məqaləsi” əsasında müxalifətin uğursuzluqlarının səbəblərini üzə çıxarması onun ənənəvi düşərgədəki “söyüş qruplarının” hədəfinə tuş gətirib. Hər halda, müəyyən tövsiyələrə bu və ya digər şəkildə münasibət bildirmək etikasında olmayan radikal kəsimdən onsuz da başqa heç nə gözləməyə dəyməzdi. Görünür, S.Cəlaloğlunun bu zəhməti də hədər getmiş oldu...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə