“Arif Əliyev danışarkən yalnışlıqlara yol verib" ÖZƏL-MÖVQE

“Təəssüflər olsun ki, son vaxtlar bir sıra qeyri-hökumət təşkilatları və onların nümayəndələri Azərbaycan dövlət orqanlarına, hökumətinə, dövlətimizin siyasətinə qarşı müəyən qeyri-obyektiv fikirlər səsləndirirlər. Elə məhz Arif Əliyevin də mətbuatda dərc olunmuş müsahibəsi bu qeyri-obyektivliyin bariz nümunəsidir. Guya Azərbaycanda mediaya, saytlara qarşı hansı təzyiqlər var. Amma hər kəs çox gözəl bilir ki, bu gün Azərbaycanda fikir, söz azadlığı mövcuddur. Təbii ki, bu sektorun inkişafı üçün də Azərbaycan dövlətinin xüsusi siyasəti vardır”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən bu sahə ilə məşğuldur: “Cənab İlham Əliyev “Mətbuatın dostu” kimi dünyada lider Prezidentdir. Dövlət başçısının mətbuata göstərdiyi qayğıya, mətbuata həssaslıqla yanaşdığına, eləcə də mətbuatda söz azadlığının inkişafı üçün yaratdığı şəraitə görə İlham Əliyev hesab edirəm ki, dünyanın lider Prezidentlərindən biridir. Belə olan təqdirdə Arif Əliyev kimi şəxslər tərəfindən səsləndirilən fikirlər təbii ki, gerçəkliyi əks etdirmir. Azərbaycan yeganə ölkədir ki, burada hətta dövlət səviyyəsində jurnalistlər məişət, sosial problemlərini həll edirlər. Onlara müxtəlif fondlardan müavinətlər ayrılır və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün dövlət tərəfindən təmənnasız mənzillər təqdim olunub. Bu dünyada analoqu olmayan bir hadisəsdir. Belə olan halda mətbuata hansı təzyiqlərdən söhbət gedə bilər. Əksinə Prezident çalışır ki, Azərbaycanda söz azadlığı inkişaf etsin, eləcə də peşəkar jurnalistlərin sayı artsın. Çünki jurnalistika, mətbuat həyatın güzgüsüdür. Biz özümüzü o güzgüdə gördükcə əksiklərimizi də görürük və onu aradan qaldırırıq. Ona görə də Azərbaycanın dövlət səviyyəsində apardığı bu siyasət çox uğurlu bir siyasətdir.

Düşünürəm ki, belə çıxışların haradansa qaynaqlandığı mənbələr var. Hesab edirəm ki, onlar qrant aldıqları təşkilatların qarşısında hansısa öhdəliklər götürüblər və Azərbaycanda dövlət orqanlarının fəaliyyətinə qarayaxmaqla məşğuldurlar. Arif Əliyev kimi şəxslər xüsusi xidmət orqanları haqqında da danışarkən yalnışlıqlara yol verib. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları çox çətin bir şəraitdə fəaliyyət göstərirlər. Biz müharibə şəraitində olan bir dövlətik. Bizim dövlətimizi sevməyən və dövlətimizə qarşı xaricdə kəşfiyyat fəaliyyəti aparan çoxlu sayda təşkilatlar, qüvvələr var. Onların hamısının qarşısı uğurla alınıb. Bu gün Azərbaycanda sabitliyin qorunmasında xüsusi xidmət orqanlarının böyük əməyi vardır. Xüsusi xidmət orqanlarının vaxtilə təməlini qoyan Ümummilli Lider Heydər Əliyev olub. Cənab Prezident İlham Əliyev də bu gün xüsusi xidmət orqanlarının fəaliyyətini daha da inkişaf etdirilməsi, gücləndirilməsi üçün çox böyük tədbirlər həyata keçirib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə