“Ermənistanda demokratik sistem yoxdur” ÖZƏL-MÜNASİBƏT

“Ermənistan hər nə qədər öz daxilində baş verən prosesləri demokratiya hadisəsi kimi təqdim etməyə çalışsa da əslində burada demokratiyadan əsər-əlamət yoxdur. Çünki müxtəlif qruplaşmaların daxili çəkişməsi və ayrı-ayrı xarici güc mərkəzlərindən diqtə olunan siyasi istiqamətlər üzrə hazırda təzadlı siyasi proseslər baş verir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu proseslərin normal məcradan çıxıb terror və radikal qarşıdurma səviyyəsinə keçməsi an məsələsidir: “Çünki Ermənistanda bütövlükdə demokratik sistem yoxdur, eləcə də demokratik sistemi tənzimləyəcək hüquqi sistem yoxdur. Bununla belə xaricdən ölkə daxilinə ötürülən impluslarla bu və ya digər qruplaşmalar hərəkət edirlər. Ona görə də bu vaxta qədər Ermənistanda qarşıdurmanın və xaosun radikal müstəviyə keçməməsi əslində təəccüblüdür. Ancaq küçə hərəkatını əlbəttə ki, demokratiya hadisəsi kimi dünya ictimaiyyətinə nə qədər təqdim etməyə çalışsalar da bu baş tutmur. Ona görə də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ayrı-ayrı qruplaşmaların radikal addımlar atması proqnozlaşdırılandır. Düşünürəm ki, ümumiyyətlə həyat tərzində, cəmiyyətində demokratiya ənənələri olmayan bir süni toplumda hansısa demokratiya hadisəsindən danışmaq qeyri-mümkündür. Ona görə də görünür bu vaxta qədər hadisələrin radikal qarşıdurma müstəvisinə keçməməsinin səbəbi Ermənistandakı ayrı-ayrı qruplaşmaları idarə edən xarici qüvvələrin rəyi və mövqeyi ilə bağlıdır.

Əgər onların rəyi və mövqeyi dəyişəcəksə, biz əlbəttə Ermənistanda xaos və anarxiya da müşahidə edə bilərik. Düşünürəm ki, baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Sadəcə Qərbin gözündə guya ki, leqitim bir parlament seçkisinin keçirməsi təəssüratını yaratmaqla növbəti mərhələdə Paşinyanın hakimiyyətinə demokratik hakimiyyət imici formalaşdırmaq üçün bu addımlar atılır və bu addımlar xaricdən himayə edilir. Nəticədə də Ermənistanın işğalçılıq siyasətini pərdələməklə burada demokratik bir rejim olduğunu dünyaya nümayiş etdirməyə çalışırlar. Bu baş tutan deyil. Bu bir növ siyasi proseslərlə manipulyasiyadır. Əlbəttə ki, dünyanın demokratik institutlarının gözü qarşısında baş verən bu prosesi hamı izləyir və əsla nə olursa-olsun onların işğala bəraət qazandırma siyasətinin baş tutmasına Azərbaycan yol verməyəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə