Uğurlu büdcə zərfi Azərbaycanın inkişaf və tərəqqi göstəricisidir

Prezident İlham Əliyevin praqmatik siyasəti bu reallığı kifayət qədər sübut edir

Müasir Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri sırasında mühüm məqamlardan biri son illərdə dövlətin düşünülmüş şəkildə iqtisadiyyatın idarəedilməsində rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsi hesab edilə bilər. Bu özünü ilk növbədə dövlət büdcəsinin hazırlanması və qəbulu prosesində təzahür etdirir. Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlər onun uğurlu büdcə siyasətinə də öz müsbət təsirlərini göstərməkdədir. Əbəs deyil ki, hər ötən il qəbul edilən dövlət büdcələri bu reallığı özündə kifayət qədər təsdiq etməkdədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi, eləcə də digər sahələri əhatə edən inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaratmaqdadır. Məhz rəqəmlər də bunu sübut etməkdədir.

Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir

Statisik rəqəmlərə görə, 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Həmin dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard ABŞ dollarına çatıb. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir.

O cümlədən, Milli Məclisdə aparılan müzakirələrdən də belə bir nəticəyə gəlmək olar ki, büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun şəkildə əks etdirir və bu faktor özünü bir daha sübuta yetirməkdədir. Dövlət büdcəsinin gəlirlərinin artması ilə yanaşı, büdcə siyasətinin nəticəliliyinin təmin olunması baxımından mühüm məqam xərclərin strukturu və xərc maddələrinin dinamikası hesab edilir. Son illərdə ölkəmizdə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətlərindən biri əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə dövlət büdcəsi hesabına əhalinin təhsil, səhiyyə və mədəni xidmətlərə tələbatlarının ödənilməsi, pensiya və sosial təminat səviyyəsinin artırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev cənabları hər zaman öz çıxışlarında vurğulayıb ki, Onun siyasətinin əsas prioritet istiqamətlərindən biri də bilavasitə sosial yönümlüdür

Misal üçün, 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri də həmin vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat artıqdır. Eyni zamanda, bu məqsədlərin əksər çoxluğu dövlət başçımızın da vurğuladığı kimi sosial yönümlü layihələrdə həyata keçirilir. Çünki Prezident İlham Əliyev cənabları hər zaman öz çıxışlarında vurğulayıb ki, Onun siyasətinin əsas prioritet istiqamətlərindən biri də bilavasitə sosial yönümlüdür. Büdcəmizin də qəbulu bu istiqamətdə nəzərdə tutulmaqdadır. Belə ki, vətəndaşlarımızın sosial-rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz daim fəaliyyətini davam etdirir, bu maraq üzərinə qurulan siyasətini daha uğurlu nəticələrə doğru aparılmasında məntiqi nəticələrə söykənən davamlı işlər görülür.

Digər sahələri də əhatə edən büdcəmiz ötən ilin büdcəsindən çoxluq təşkil edir

Əbəs deyil ki, büdcənin müzakirəsi zamanı Milli Məclisin sədri, cənab Oqtay Əsədov da öz çıxışında qeyd etdi ki, 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Eyni zamanda, digər sahələri də əhatə edən büdcəmiz ötən ilin büdcəsindən çoxluq təşkil edir. Misal üçün, 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq.

Parlamentin sədri söyləyib ki, ölkə iqtisadiyyatının müsbət dinamikasının qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin mühüm rolu var. Dövlət büdcə zərfinin sənədləri mükəmməl tərtib olunub. Büdcə sənədlərindən də görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.

Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir

Göründüyü kimi, təqdim olunan büdcə zərfi büdcə haqqında mövcud qanunvericiliyə tam uyğun şəkildə tərtib olunmuşdur və o, özündə Azərbaycanın bugünkü iqtisadi və sosial inkişafının reallıqlarını, dünya bazarında qlobal iqtisadi böhrandan sonrakı dövrdə qərarlaşmış situasiyanı, inkişaf meyllərini və perspektivlərini əks etdirir. Ümumiyyətlə, Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, sosial ədalətlilik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir.

Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar. Bütün bunlar isə bir daha təsdiq edir ki, dövlət büdcəsinin qəbulu və həmin istiqamətdə aparılan və bundan sonra da aparılacaq işlərin hər biri bütövlükdə Azərbaycanın inkişafı ilə yanaşı, eyni zamanda qüdrətlənməsinə, güclənməsinə öz böyük töhfələrini verəcəkdir.

Nəriman ƏLİYEV,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə