Əli Əhmədov: "Qadın fəallığı ictimai tərəqqinin ən vacib indikatorlarından biridir"

"Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hətta iki sahədə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq" adlı konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmasının vacib amil olduğunu qeyd edib: "Biz bunu da təşviq edirik. Bu mənada qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması bizim həyata keçirdiyimiz siyasətlərdən biridir".

Onun sözlərinə görə, qadın fəallığı ictimai tərəqqinin ən vacib indikatorlarından biridir: "Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir".

Ə.Əhmədov qeyd edib ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət etdiyi məsələlərdən biridir: "Bu fəlsəfənin həyata keçirilməsində Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası böyük işlər görüb, müəyyən nailiyyətlər əldə edə bilib. Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlığla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox sayda qadın sahibkarlıq sferasına cəlb olunsunlar. Bununla Azərbaycan qadınları ölkə iqtisadiyyatına öz töhfəsini versinlər".

O əlavə edib ki, Azərbaycan hökuməti kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərir: "Eyni zamanda kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi işlər görülür və lazımi vəsait ayrılır. Bundan sonra da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq. Azərbaycan qadınları əmək sferasının ən fəal iştirakçılarıdırlar. Hesab edirəm ki, qadınlar kiçik və orta sahibkarlığın inkişafına böyük töhfə verər, Azərbaycanda məşğulluq səviyyəsi yüksəlmiş olar".

Bütün xəbərlər Facebook səhifəmizdə