“2018-ci ilə uğurlu nəticələrlə yekun vurulacaq” ÖZƏL-ŞƏRH

“2018-ci ilin 10 ayında cənab Prezidentin çox gərgin iş fəaliyyəti olub. Yola saldığımız 10 ay həm də ölkəmizin həyatında sıçrayışlı inkişaf dövrü olub. Bu müddət ərzində ölkə başçımız bir çox xarici ölkələrə səfərlər edib, ölkəmizdə bir çox ölkələrin dövlət rəhbərləri, siyasətçiləri, Nobel mükafatçıları və dövlət xadimlərini qəbul edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, cari ilin yola saldığımız dövrü ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından çox uğurlu olub: “Dünyanın iqtisadi reytinq agentlikləri olan Davos İqtisadi Forumu Azərbaycanın 140 ölkə arasında 69-cu yerə, Dünya Bankının “Doing Business” hesabatında isə Azərbaycanın 190 ölkə arasında 25-ci yerə layiq görülməyi təbii ki, dövlət başçımızın rəhbərliyi altında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların məntiqi nəticəsidir. Dünyanın iqtisadi reytinq hesabatlarında Azərbaycanın dünyanın ən yaxşı ölkələri arasında yer alması hər birimizi sevindirir və bu Azərbaycan vətəndaşının maddi və sosial vəziyyətinin yaxşılığa doğru getməsi deməkdir.

Ölkə başçımız cari ildə ölkə daxilində regionların inkişafını diqqətdə saxlayıb, bu istiqamətdə bir çox sərəncamlar imzalayıb. Sərəncamların əksəriyyəti regionların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edib. Bu, kənd yollarının tikintisi, elektrik təminatının yaxşılaşdırılması, su və kanalizasiya xidmətlərinin müasirləşdirilməsi, yeni məktəblərin, xəstəxanaların tikilməsi və. s sahələri əhatə edib. Cənab Prezident regionlarla bağlı sərəncam və tapşırıqlar verir, sonra da regionlara səfərlər edərək yeni layihələrin açılışlarını həyata keçirir və icra olunmuş işlərin keyfiyyəti ilə yaxından tanış olur. Həm də yerlərdə sadə vətəndaşlarla görüşərək onların fikir və narahatlıqlarını öyrənir.

Dünyada cənab İlham Əliyev qədər ölkədaxili səfərlər edərək açılışlar edən ikinci dövlət başçısı yoxdur. Həm də dövlət başçımızın regionlara səfərləri yeni iqtisadi layihələrin açılışlarını reallaşdırır. Bu sənaye məhəllələri, aqroparklar, sənaye parkları, yeni emal müəsisələri və sairədir. Belə müasir istehsal müəssisələri də regionlarda işsizliyin azalmasına, yerli xammal potensialından səmərəli istifadə edilməsinə və yeni məhsulların istehsal olunmasına imkanlar açır. Ümumilikdə götürüldükdə 2018-ci ilə çox uğurlu nəticələrlə yekun vurulacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə