"Paşinyanı "tupoy və axmaq" adlandırırlar" ÖZƏL-ŞƏRH

“Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında vəziyyət günü-gündən daha da gərgin hal alır. Qondarma rejimin bezmiş sakinləri Paşinyanı "tupoy və axmaq" adlandırırlar. Orada əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə hətta insanlar kənd təsərrüfatı məhsullarından da korluq çəkirlər. Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır, qondarma rejimin başçıları soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqalarla məşğuldurlar”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, qondarma rejimin "prezidenti" Bako Saakyan Paşinyanı dəfələrlə aldadaraq guya bölgədə hər şey inkişaf edir və xalq hər şeydən razıdır kimi yalan məlumatlar verir: “Əslində, Saakyan və onun quldur komandası narkotik alverinə rəvac verərək milyonlara sahib olur. Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan “istirahət evlərinə”, kişilər qul kimi təhqirli işlərə sövq edilirlər. Bu ilin yazında Xankəndidə baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları qondarma rejimin vəzifəli şəxslərinin onları döydürüb təhqir etmələrini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdırılmasını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər.

İndi Paşinyanın “Qarabağ klanı”na düşmən münasibəti, İrəvanda vəzifəli qarabağlıları sıxışdırıb sıradan çıxarması, Dağlıq Qarabağ əhalisinə hörmətlə yanaşmaması bölgədə ona qarşı inamsızlığı artırmaqla qalmayıb, həmçinin nüfuzdan düşməsinə gətirib çıxarıb. Ona görə də Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb. Düşünürəm ki, yaxın vaxtlarda ermənilər arasında xaosun daha da böyüyərək münaqişə zəminində partlayışın yaşanması gözləniləndir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə