YAP Nəsimi rayon təşkilatı flaşmob keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 9 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə partiyanın Mərkəzi Qərargahı önündə flaşmob keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup gənc fəalları iştirak ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, yüz il bundan öncə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb: "23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı təsis olunub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin bayraq ləğv edilmişdir. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır".

Millət vəkili qeyd edib ki, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir.

Millət vəkili bildirdi ki, Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Azərbaycan Respublikası Konstitusiyanın hazırlanması işini həyata keçirdi: "Konstitusiyamız tam demokratik şəkildə ümumxalq referendumu ilə 1995-ci il noyabrın 12-də qəbul olundu. Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin bilavasitə siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində mümkün olub. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Ölkəmiz demokratik dövlət quruculuğu sahəsində

iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən, Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənərək regionun aparıcı dövlətinə çevrilib".

Məlahət İbrahimqızı bildirib ki, bu cür aksiyaların keçirilməsində məqsəd gənc nəsli Azərbaycanın dövlətçilik tarixi ilə bağlı məlumatlandırmaq, gənclər arasında təbliğatın aparılması işinə dəstəkdir.

Tədbir YAP Nəsimi rayon təşkilatının bir qrup gənc fəalları tərəfindən Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə