“Yeni Azərbaycan Partiyası zəfərlərə doğru” TƏDBİR

YAP Pirallahı rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümü münasibəti ilə “N” saylı hərbi hissədə tədbir keçirib

Yeni Azərbaycan Partiyası Pirallahı (YAP) rayon təşkilatının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" şüarı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elçin Kərəmov qonaqları və şəxsi heyəti salamlayaraq qeyd edib ki, bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Milli Ordumuz dövlətimizin dayağı, onun ərazi bütövlüyünün təminatçısıdır.

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır”, deyən Elçin Kərəmov həmçinin xatırladıb ki, qısamüddətli və qalibiyyətli aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.

Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O qeyd edib ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib. 7 yaşlı Nuray Rəhmanın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə