"Ölkə jurnalistikası dövlətimizin yanındadır” MÖVQE-ÖZƏL

“Azərbaycan mediası ilə bağlı mənfi fikir söyləyənlərin özləri heç bir uğur əldə edə bilməyənlərdir. Kimin nə deməsindən asılı olmayaraq əsas odur ki, ölkə jurnalistikası dövlətimizin yanındadır”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

O bildirib ki, gənc Azərbaycan dövlətinin qorunmasında jurnalistlərin dövlətimizin yanında olması çox mühüm məsələdir: “Jurnalistlər ictimai rəyi formalaşdırır. Mətbuat ölkəmizin yanında olmaqla yanaşı, dövlətimizin maraqlarını müdafiəsində dayanır. Aprel hadisələrində, iyun Gəncə hadisələrində jurnalistlərimiz öz fəaliyyətlərini ortaya qoyaraq Azərbaycanın maraqlarından çıxış etməklə özlərinin mövqelərini göstərmiş oldular. Əgər jurnalistlərin bu addımı kimlərinsə xoşuna gəlmirsə, o zaman burada yaşamasın”.

Y.Oğuz qeyd edib ki, Azərbaycanda mətbuat nümayəndələri ilə bağlı dünyada analoqu olmayan addım atılır ki, bu da jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır: “Sovetlər dönəmində də jurnalistlər üçün müxtəlif güzəştlər var idi. Nəqliyyat vasitələrindən pulsuz istifadə etmək, təyyarə ilə hər hansı ölkəyə uçarkən 50 faiz güzəştlərdən yararlanmaq imkanı yaradılmışdı. Bütün bunlar normaldır. Çünki, jurnalistlərin işi təhlükəlidir”.

Baş redaktor vurğulayıb ki, bu gün Azərbaycan mətbuatı ilə bağlı mənfi fikir söyləyən Arif Əliyev vaxtilə Mətbuat Şurasının yaradıcılarından biri olsa da, o zaman ona səs verilmədiyi üçün hamının əleyhinə çıxış etmişdi: “Təbiidir ki, bu addımların arxasında anti-Azərbaycan dairələr, o cümlədən donor təşkilatlar dayanır. Soros bu gün Gürcüstanda, Ermənistanda etdiklərini Azərbaycanda etmək istəyir. Onlar Azərbaycanda vətəndaş müharibəsi yaratmaq istəyirlər. Soros bunun vasitəsilə öz payını almaq istəyir. Lakin bu mümkün olmayacaq. Hələ biz bu haqda fikir deyənlərin ölkəmizdə yaşamasına dözürüksə böyük şeydir. Azərbaycanda yaşayıb, ölkə əleyhinə danışanların burada yeri yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə