KTMT zərbəsinin ağır nəticələri... ANALITIKA

Ermənistan mətbuatı baş verən reallığı bu cür etiraf edir

Ermənistanın KTMT-dəki mövqeyini itirməsi və bu hərbi alyansa üzv olan ölkələrin etimadını qazana bilməməsi ilk növbədə sübut edir ki, artıq işğalçı dövlət heç bir halda hərbi-siyasi və s. sahələrdə digər ölkələr üçün önəm kəsb etmir.

Bu arada, həmin etiraflar erməni tərəfindən də edilməkdədir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Respublika partiyasının birinci sədr müavini, sabiq müdafiə naziri Vigen Sarkisyan Ermənistanın KTMT-də iflas olmaq riski yaşadığını deyib. Belə ki, adıçəkilən hərbi alyansın sonuncu sammitində Ermənistanı təmsil edəcək namizədin ətrafında ümumiyyətlə, müzakirələrin aparılmaması, eləcə də KTMT-yə baş katibliyin böyük ehtimalla Belorusa keçməsi məsələsinin daha çox real görünməsi də bu cür deməyə zəmin yaradır ki, artıq ermənilərin qatarı çoxdan gedib.

Vigen Sarkisyan: "Biz, ciddi problemlər qarşısında qalmalı olacağıq"

O cümlədən, hərbi alyansın dekabrın 6-da keçirəcəyi növbəti iclasında baş katibin seçilməsi proseduru Ermənistanın əleyhinə olarsa, onda bu ölkənin ümumiyyətlə, təşkilatda qalması məsələsi böyük suallar doğura bilər.

Belə ki, "Ermənistan KTMT-də ciddi iflas riski ərəfəsindədir", deyə Vigen Sarkisyan jurnalistlərlə söhbətində bildirib və qeyd edib ki, bu qurumda baş katiblik vəzifəsini itirməmək üçün dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək növbəti iclasda Paşinyan hökuməti hər şeyə əl atmalıdır. O, ölkəsinin KTMT-də baş katiblik postunu itirəcəyi halda, hökumətin də ağır zərbə alacağını deyib. Sarkisyan, Paşinyan hökumətinin Yuri Xaçaturova qarşı atılmış addımlarını əsas gətirərək, məhz bu amilin Ermənistanın adıçəkilən hərbi alyansdakı mövqeyinin itirilməsi səbəbinin olduğunu deyib: "Ermənistan hər zaman KTMT-nin fəal üzvü olub. Ümid edirəm ki, Paşinyanın Ermənistanın xarici siyasi vektorunu dəyişəcəyi ilə bağlı verdiyi bəyanatına riayət olunacaq. Əks təqdirdə, biz ciddi problemlər qarşısında qalmalı olacağıq".

Aleksey Malaşenko: "Ermənistan ölkədaxili siyasi hadisələrin inkişafı səbəbindən, bu kimi beynəlxalq təşkilatdakı mühüm postu itirib"

Qeyd edək ki, Rusiya politoloqları da Ermənistanın heç də yaxşı vəziyyətdə olmadığını deyir, xüsusilə, KTMT-də baş verənlərlə bağlı maraqlı proqnozlarla çıxışlar edirlər. Məsələn, politoloq Aleksey Malaşenko ermənilərin "168 jam" nəşrinə verdiyi açıqlamasında KTMT-nin Astanada keçirilən sammitində baş verənlərlə bağlı münasibətində bildirib ki, Ermənistanın arzusunun həyata keçməməsi KTMT-yə heç bir təsir göstərməyəcək. O, erməni-rus münasibətlərini əsas gətirərək, erməni tərəfinə xatırlatma da edib və bu vasitə ilə Ermənistanın KTMT-nin qanunlarına riayət etməli olduğunu bildirib.

"Baş verənlər Ermənistanın daxili siyasətinə təsir edə bilər və ölkənin rəhbərliyi daha öncələr də bəyan etmişdi ki, KTMT-nin qayda-qanunlarına riayət olunmalıdır", rus politoloq deyib.

Malaşenko qeyd edib: "Hazırkı məqamda bu vəzifənin güzəştə gedilməsi Ermənistanda ölkədaxili vəziyyətə təsir edəcək, mümkündür ki, neqativ qiymətləndirilmələr də olsun. Belə ki, Ermənistan ölkədaxili siyasi hadisələrin inkişafı səbəbindən, bu kimi beynəlxalq təşkilatdakı mühüm postu itirib. Lakin fikirlər var ki, bundan hər hansı bir yolla yayınmaq da olardı..."

Rusiyalı politoloq Ermənistanın yeni hakimiyyətinin anti-Rusiya meylli xarakterinə də işarə edərək xatırladıb ki, Ermənistan-Rusiya hərbi—siyasi əməkdaşlığı, müəyyən şərtlər qarşılığında silahların əldə edilməsi, iki ölkənin müdafiə nazirliklərinin əməkdaşlığı fəal olub. "Bu baxımdan, düşünürəm ki, belə bir şərait Ermənistana da lazımdır", Malaşenko deyib.

"İrates" qəzetinin mənbəsi: "Nazarbayev və Lukaşenko Nikolun olduğu yerdə heç vaxt "mühüm" məsələlər barədə danışmırlar, ümumiyyətlə ona etibar etmirlər"

Ermənistanın "İrates" qəzeti isə yazıb ki, KTMT və Avrasiya İqtisadi İttifaqının iclaslarında "qeyri-real" müzakirələr və söhbətlər aparılmaqdadır, eləcə də onlar formal xarakter daşıyır, belə ki, bütün bunlar videokameralar və kənar izləmələr zamanı baş verir. "Həqiqi söhbət və müzakirələr üzv ölkələrin şəninə verilmiş nahar vaxtı, masa ətrafında birgə, yaxud üz-üzə aparılır", deyə adıçəkilən erməni nəşrinin KTMT-yə yaxınlığı ilə seçilən və adı anonim saxlayan mənbəsi bildirib. " Nikolu, bu cür masalara xüsusi olaraq dəvət etmirlər, KTMT-nin və Avrasiya İqtisadi İttifaqının yüksək rəhbərliyi çox yəqin, belə hesab edirlər ki, inqilabçılar yemək yemirlər, yalnız ideyalarla, "öpüşlərlə" qidalanırlar", mənbə istehzalı şəkildə deyib. SİTAT: "Həqiqətə qalanda, ona sadəcə, etibar etmirlər, bundan əlavə, Nazarbayev və Lukaşenko onun olduğu yerdə heç vaxt "mühüm" məsələlər barədə danışmırlar. Hətta Nikol Putinə və Rusiyaya nə qədər yarınmağa çalışsa belə, bütün hallarda o yaddır. Rusiyada unutmurlar ki, ötən 20 il müddətində o, hər zaman MDB, KTMT və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar edib".

Beləliklə, fakt budur ki, Ermənistanın mövcud vəziyyəti həqiqətən də çıxılmaz və gərgin haldadır. Ölkə daxilində baş verən parlament seçkiləri öncəsi ziddiyyətlər, xarici siyasət uğursuzluqları, ümumiyyətlə, hər bir olay, xüsusilə KTMT-dəki rüsvayçılıq hər şeyi tam aydınlığı, eləcə də faktları ilə ortaya qoymaqdadır. Bu, Ermənistanın və bütövlükdə mövcud ölkə rəhbərliyi istemblişmentinin - Paşinyan "inqilabıının" siyasi iflasıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə