Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər” ÖZƏL MÜNASİBƏT

"Azərbaycanda kifayət qədər uğurlu, tarixi, milli və maarifçilik ənənələrinə söykənən mətbuat formalaşıb və bu reallıq özündə illərin təcrübələrini qoruyub-saxlamaqla yanaşı, həm də inkişaf etməkdədir. O cümlədən, həm də dövlətçilik maraqlarını qoruyub, onu müdafiə edən mətbuatımız var ki, cəmiyyətimiz bu amili yüksək qiymətləndirir". Sözügedən fikirləri SİA-ya "SƏS" qəzetinin baş redaktoru, media eksperti Bəhruz Quliyev bəzi şəxslərin, o cümlədən, Arif Əliyevin müstəqil Azərbaycan mediasına qarşı qarayaxma kampaniyası aparmaq cəhdinə münasibətini açıqlayarkən deyib.

Bəhruz Quliyevin sözlərinə görə, müstəqil və azad ölkə mediasının get-gedə daha güclü inkişaf yolunu tutması, söz və ifadə azadlığının tam şəkildə təmin edilməsi bu kimi şəxsləri nədənsə, narahat etməyə başlayıb və görünür, həmin şəxslərin işlədikləri müəyyən xarici dairələr həmin gerçəkliyin qarşısının alınması üçün onlara növbəti sifarişlərini veriblər: "Ümumiyyətlə, Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən, onu anlamayan ünsürlərdirlər və göründüyü kimi, onlar müstəqil, azad və demokratik dəyərlərə söykənən Azərbaycan mətbuatının bu yolda inkişaf etməsini istəməzlər. Çünki milli mətbuatımız bütün hallarda qeyd etdiyim meyarlara sadiq olmaqla yanaşı, həm də dövlətçilik maraqlarını müdafiə edir, edəcək də. Bu gün Azərbaycan mətbuatı elə bir tərəqqi yolundadır ki, artıq xarici ölkələr mediamızın yeni modelini yüksək şəkildə qiymətləndirməkdədirlər. Bu zaman, belə hesab etmək olar ki, kimlərsə, bunu istəmirsə, bilərəkdən dərk etmirlərsə, demək ki, Azərbaycanın dövlətçilik yolunda tutduğu uğurlu mövqeyini istəmir, onu dəstəkləmir".

"Hesab edirəm ki, belə fərdlər bir sıra anti-Azərbaycan dairələrin, donor təşkilatların qarşısında müəyyən qarantlar, maddi gəlirlər güdən nökərləridirlər ki, zaman-zaman ortalığa çıxıb, sözün əsl mənasında ürəkbulandırıcılıqla məşğul olurlar", deyən baş redaktor bir xatırlatmanı da edərək, artıq bunun öz sübutunu tapdığını da bildirib: "Elə də uzağa getməyərək, saxta, qondarma bir qurum – "Media Klubu" deyilən və əslində, media reketirlərinin, "baş redaktor" adı altında şantaj və böhtançılarının toplaşdığı uğursuz dərnəyin bir müddət öncəki bənzər hay-küylərini xatırlaya bilərik. Məhz həmin vaxtda da onlar bu kimi çıxışlar edərək, əslində öz iç üzlərini ifşa etmişdilər".

"Göründüyü kimi, həmin vaxtda da sağlam düşüncəli ictimai rəy, sağlam media cameəsi onların bu qara-qışqırıqlarına ümumiyyətlə, etina göstərmədi", deyən media eksperti əlavə edib ki, bu gerçəkliyin özü artıq tam şəkildə bu ünsürlərin "kimliklərini" ortaya qoymuş oldu: "Bu gün Soros Fondu, yaxud bənzər qərəzli təşkilatların himayəsi altında var-gəl edən bu tiplərin isə öz ağalarına göstərdikləri qulluqları elə özlərinə də qalmış olacaq. Həm Azərbaycan cəmiyyəti, həm də möhkəm tarixi təməllərə, ənənələrə söykənən media cameəmiz Arif Əliyevin timsalında çıxış edən uğursuzların yersiz, mənasız, ümumiyyətlə, faktlara, sübutlara söykənməyən boş fikirlərini ciddiyə almayaraq, davamlı inkişaf və dövlətçilik yolunu tutmaqla öz uğurlu fəaliyyətini davam etdirəcəkdir".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə