"Azərbaycan-Qazaxıstan münasibətlərində dinamika var" ÖZƏL-RƏY

“Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin münasibətlər sisteminin ardıcıllığını müəyyənləşdirdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“I. Rusiya Federasiyası ilə münasibətlərimiz dövlətlərarası əlaqələrin etalonudur.

II. ÇXR-lə münasibətlərimiz artan inkişaf edən hərtərəfli strateji tərəfdaşlıqdır.

III. ABŞ-la münasibətlərimiz geniş strateji tərəfdaşlıq istiqamətindədir.

IV. Aİ Qazaxıstanın iri ticarət və investisiya tərəfdaşıdır.

V. MDB, Türkiyə, İran, Ərəb Şərqi və Asiya ölkələri ilə qarşılıqlı faydalı, ikitərəfli əlaqələrimiz inkişafdadır.

VI. Suriya üzrə Astana prosesi dinc tənzimlənmə və bu ölkənin böhrandan çıxması üçün praktiki olaraq effektiv işləyən yeganə formatdır.

Rusiya ilə münasibətlərdə gərginliyə dəlalət edən proseslər davam edir. Bəzi ekspertlər Qazaxıstanda rusofobiyanın mövcud olduğunu və bunun hökumətin apardığı siyasətin nəticəsi olduğu qənaətindədirlər. Kostanay vilayətində pediatr rus ailəsinin uşağının müayinəsindən imtinası ciddi ajiotaja səbəb oldu.

AİB çərçivəsində RF-in anti-Qərb layihələri Qazaxıstanı narahat edir. Bu iki ölkə arasında gərginliyin ən vacib əlaməti RF-in keçmiş bankir Jomak Yertayevi Qazaxıstana verməkdən imtina etməsidir. Yaxın vaxtlarda RF-in Tacikistan və Qırğızıstanın tələbi ilə Rusiyaya sığınmış siyasiləri geri qaytarması fonunda Qazaxıstanın siyasi ambisiyalı bankiri verməməsi diqqət çəkir.

Qazaxıstanda Daxili İşlər Departamenti bundan sonra Polis Departamenti adlanacaq.

Qazaxıstanda dünya və ənənəvi dinlərin liderlərinin VI iclası keçirildi. İclasda N.Nazarbayev açılış nitqi söylədi. Dünyanın 46 ölkəsinin təmsilçiləri iştirak edirdi. N.Nazarbayev Vatikanın Papa Şurasına “Dinlərarası dialoqa töhfəyə görə” mükafatını təqdim etdi.

Bu tədbir müstəvisində N.Nazarbayev Misirdəki əl-Əshar universitetinin ali imamı, şeyx Əhməd ət-Tayyiblə görüşdə, bu universitetlə Qazaxıstan arasındakı əlaqələrin bünövrəsinin çoxdan qoyulduğunu bildirdi. Şeyx Astanada çoxlu dəyişikliyin baş verdiyini bildirdi. Tərəflər aktual məsələləri və konfesiyalararası dialoqun inkişafını müzakirə etdilər. Qazaxıstan Qahirədəki Sultan Beybars məscidinin bərpasını davam etdirməyə başladı.

Çinə qaz ixracını iki dəfə artırmağı planlaşdıran “QazTransQaz” yaxın vaxtlarda 2 milyard dollar valyuta əldə edəcəyini düşünür.

Çindən qaçmış etnik qazax xanım Sayragül Sayıtbay oradakı “yenidən tərbiyələnmə düşərgələrində” vəziyyətin hədsiz ağır olduğundan danışdı. Qazaxıstandan sığınacaq istədi, Qazaxıstan Çin vətəndaşı olanı etnik qazaxa sığınacaq verməkdən imtina etdi.

Azərbaycan-Qazaxıstan münasibətlərində dinamika var:

- Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkovun başçılıq etdiyi hərbi nümayəndə heyəti Azərbaycanda oldu, daxili işlər naziri Ramil Usubov və onun müavini, Daxili Qoşunların komandanı Ş.Məmmədov ilə görüşdü. İki ölkə arasında əlaqələrin, o cümlədən təhlükəsizliyin və qayda-qanunun möhkəmləndirilməsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

- Astanada Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirildi. Bu komissiyanın Qazaxıstan tərəfdən həmsədri, energetika naziri Kanat Bozumbayev, Azərbaycan tərəfdən isə energetika naziri Pərviz Şahbazovdur. Ticari-iqtisadi, yanacaq-energetika, kənd təsərrüfatı, tranzit-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanlı nazirlə görüşdə Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Qasımbek 8 ay ərzində iki ölkə arasında mal dövriyyəsinin 2 dəfə artaraq 168 milyon dollar olduğunu bildirdi. 2017-ci ilin analoji dövründə bu rəqəm 81,5 milyon dollar olub.

“QazTransQaz”uzun illər davam edən çəkişmələrdən sonra Gürcüstandakı törəmə şirkətini yerli şirkətlərdən birinə satdı”-deyə, M.Əhmədoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...