“Rusiya-ABŞ münasibətlərindəki gərginlik davam edir” ÖZƏL-ŞƏRH

“Rusiya-ABŞ münasibətlərindəki gərginlik və ya idarə olunmaz vəziyyət davam edir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti D.Tramp Rusiya prezidenti V.Putini “qətl və zəhərlənmələr”də ittiham kimi başa düşüləcək fikirlər bildirdi: “Bu, faktiki olaraq, V.Putinə qarşı beynəlxalq məhkəmələrdə cinayət işinin açılmasına səbəb ola bilər.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri C.Boltonun Moskvaya səfəri ərəfəsində Vaşinqton orta və yaxın mənzilli raketlərin məhdudlaşdırılması barədə müqavilədən çıxacağını bildirdi. Bu addım RF-in Avropada raketlər yerləşdirməsilə əlaqələndirildi. ABŞ-SSRİ arasındakı bu müqavilə M.S.Qorbaçovun rəhbərliyi dövründə imzalanmışdı. M.S.Qorbaçov Vaşinqtonun bu addımını sürətlə silahlanmanın başlanğıcı kimi qiymətləndirdi. Səfəri zamanı RF Təhlükəsizlik Şurasının katibi N.Patruşevlə 3 saata yaxın görüş keçirən C.Bolton xarici işlər naziri S.Lavrov və müdafiə naziri S.Şoyqu ilə də görüşdü, sonuncu ilə görüşünü “məhsuldar” adlandırdı. Həmçinin V.Putinlə görüşən C.Bolton RF-i orta və kiçik mənzilli raketlər barədə müqaviləni pozmaqda ittiham etdi. C.Bolton görüşlərində, o cümlədən V.Putinlə görüşdə Rusiyanın “ABŞ seçkilərinə müdaxiləsi”ni müzakirə etdi. V.Putin C.Boltona ABŞ-ın qeyri-dost addımlarından təəccübləndiyini bildirdi.

Diqqət çəkən məsələlərdən biri də C.Boltonun Rusiya ilə Çinin münasibətlərinin gərginləşdirmək istiqamətində açıqlama verməsidir: “Çin raketləri Rusiyanın ürəyini-Moskvanı vura bilir”. C.Bolton artıq Rusiyanın seçkilərə 2016-cı ildə olduğu kimi müdaxilə etmədiyini də açıqladı. ABŞ-ın İrana qarşı sanksiyalarını da müzakirə edən C.Bolton sonradan Cənubi Qafqaz regionuna səfər etdi.

Konstantinopol Patriarxlığı (Ümumdünya Pravoslav Kilsəsi) Ukrayna Pravoslav Kilsəsinə (UPK) avtokefallıq (müstəqillik) verməsi istiqamətində vacib addım atdı: UPK-nın Rus Pravoslav Kilsəsinə (RPK) tabe edilməsi ilə bağlı anafemanı ləğv etdi. Cavab olaraq, RPK Konstantinopol Patriarxlığı ilə əlaqəni kəsdi, öz dindarlarına Afon məbədini ziyarəti qadağan etdi. Kreml UPK-ya avtokefallıq verilməsi mövzusunu diqqətdə saxladığını bildirdi; V.Putin bununla əlaqəli Təhlükəsizlik Şurasının ayrıca iclasını keçirdi. Kremlin fikrincə, UPK-ya avtokefallıq verildikdən sonra Ukraynada RPK-nın tabeçiliyində olan kilsənin tərəfdarlarına qarşı açıq mübarizə başlaya bilər. Bu halda Kremlin silahlı müdaxiləyə hazırlaşdığını belə ehtimal etmək olar. “Valday” klubunda ənənəvi görüş zamanı V.Putin Ukrayna rəhbərliyini 2008-ci ildə M.Saakaşvilinin səhvini təkrarlamaqdan yayınmağı çağırdı.

Avstriyanın kansleri S.Kurts Sankt-Peterburqda V.Putinlə görüşdü, Avropanın enerji problemlərinin Rusiyanın iştirakı olmadan həllinin qeyri-mümkünlüyünü bildirdi. Onun fikrincə, Avropa dövlətləri “Şimal axını-2” layihəsinin reallaşmasında maraqlıdır. “Qazprom” (RF) və OMV (Avstriya) arasında aktivlərin satılması barədə müqavilə imzalandı. Bu, “Qazprom”a Aİ tərəfindən tətbiq olunan cəzaların yumşalmasına və ya cəzalardan yayınmasına imkan verə bilər. V.Putin Koşitse (Slovakiya)-Vyana geniş koleyli dəmir yolunun tikintisinin yüklərin Asiyadan Avropaya daşınmasının xərclərini azaldacağını bildirdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə