Yaqub Mahmudov: "Millət işləməyə vərdiş etməlidir"

“Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib. Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır”. SİA xəbər verir ki, bunu deputat Yaqub Mahmudov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən deyib.

“Bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət işləməyə vərdiş etməlidir. İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir. Bu, millət üçün fəlakətdir. Tutaq ki, bir şəxsin ayağı yoxdursa, ona əlillik təyin etmək doğrudur. Söhbət saxta vasitələrlə əlilliyə çıxanlardan gedir. Bu qədər əlilin, Qarabağ müharibəsi veteranının olması cəmiyyətdə şübhə doğurur”, - deyə deputat əlavə edib.

Deputat Musa Quliyev də çıxış edərək büdcəni müsbət qiymətləndirdiyini ifadə edib. O qeyd edib ki, ölkədə çox kasıb, çox zəngin təbəqə olduğu zaman sabitlik pozulur: "Gələn ilin dövlət büdcəsində orta aylıq əmək haqqı yavaş-yavaş qaldırılmalıdır. Orta aylıq əmək haqqı ilə orta aylıq pensiya arasında fərq eyniləşdirilməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə