Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində konfrans keçirilib

Avstriyanın Krems şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində “Rəqəmsal dövrdə siyasət” mövzusunda konfrans keçirilib.

Hazırda Avropa İttifaqı Şurasında sədrlik edən Avstriyanın himayəsi altında keçən Şərq Tərəfdaşlığının elektron demokratiya konfransını Krems Dunay Universiteti Tallinn Universiteti ilə birgə təşkil edib.

Konfransda Avropa İttifaqı dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan) dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Prezident Administrasiyasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), qeyri-hökumət təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri təmsil ediblər.

Konfransın əsas mövzusu elektron demokratiya sahəsinin inkişaf etdirilməsi üçün perspektivlərin müzakirə edilməsi olub. Məruzəçilər demokratiyanın mühüm elementləri olan partisipasiya, inteqrasiya, şəffaflıq və hesabatlılığın elektron demokratiyanın köməyi ilə dəstəklənməsi və yaxşılaşdırılması ətrafında çıxış ediblər.

Konfransda sürətlə inkişaf edən və dəyişən müasir dövrümüzdə rəqəmsal texnologiyaların müasir siyasi proseslərə təsiri, qarşıya çıxan problemlərin həlli yolları, rəqəmsal müdaxilələrin seçki proseslərinə təsiri və şəffaflığın təmini, “fake news” və digər manipulyativ fəaliyyətlərin qarşısının alınması, sosial media şəbəkələri və rəqəmsal ictimai kommunikasiya ilə ənənəvi media hierarxiyası arasında vəziyyət, keyfiyyətli media və peşəkar jurnalistlərin demokratik cəmiyyət üçün dəyəri, hökumət ictimai sektor arası münasibətlər, rəqəmsal sferada siyasi kommunikasiya, hesabatlılıq üçün rəqəmsal şəffaflıq, iştirakçı tərəflərin siyasi sahəyə müdaxiləsi və digər mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

Konfrans çərçivəsində təşkil olunmuş panellərdə rəqəmsal sferada siyasi kommunikasiya, hesabatlılıq üçün rəqəmsal şəffaflıq və maraqlı tərəflərin siyasi proseslərdə iştirakının təmini mövzuları müzakirəyə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...