Rusiyalı siyasətçi Yerevanda Azərbaycana eyham vurdu AVRASİYA İTTİFAQI

“Postsovet ölkələrinin hamısının Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması münaqişələrin sayının azalmasına səbəb ola bilər”. SİA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Rusiya prezidenti Vladimir Putinin müşaviri Sergey Qlazyevin Yerevanda keçirilən mətbuat konfransındakı çıxışını işıqlandırarkən yazır. Belə ki, “aysor.am” saytı Qlazyevin çıxışına “Rusiya prezidentinin müşaviri Qarabağ münaqişəsinin həll olunması kontekstində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması mümkünlüyündən danışdı” başlıqlı informasiya yerləşdirib.

“Rusiyaya heç bir münaqişə lazım deyil”, bildirən Sergey Qlazyevə görə, onun ölkəsinin mövqeyi bundan ibarətdir ki, hazırda postsovet məkanında baş verən münaqişələr danışıqlar, məsləhətləşmələr, kompromis axtarışları yolu ilə həll eidlməlidir: “Biz, həyati olaraq maraqlandıran budur ki, heç bir münaqişə olmasın”.

“İqtisadi və siyasi sahələrdə birgə çıxış etmək məsələsinə Rusiya birmənalı olaraq qarşılıqlı maraqlar və könüllülük prinsipindən çıxış edir”, deyən Rusiya siyasətçisi bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Rusiya KİV-ləri dəfələrlə Azərbaycanın Aİİ-yə üzv olacağı ehtimalları ilə bağlı məqalələrlə çıxış ediblər. Ermənistan mediası isə belə olacağı təqdirdə “veto” qoyacağını bəyan edib. Bu isə bir daha göstərir ki, ermənilər Azərbaycanın regionda və beynəlxalq aləmdəki iqtisadi qüdrətini artırmasından, eləcə də Rusiya rəsmisinin eyhamından ciddi narahat olmağa başlayıb.

Xatırladaq ki, Şimal qonşumuzun mediası Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqavilələri Təşkilatına müşahidəçi qismində üzv olması barədə də müxtəlif məqalələrlə, hərbi-siyasi ekspert rəyləri ilə çıxış edib və bu informasiya da Ermənistanın ictimai-siyasi dairələrində təlaş yaradıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə