“Amnesty İnternational” köhnə ampluasında QƏRƏZ

Daim Azərbaycan əleyhinə çıxan bu qurum bu dəfə Con Boltona “tövsiyə” edib

Zaman-zaman Azərbaycan dövlətinə qarşı müəyyən çirkin məqsədlərlə çıxış edən ABŞ-ın “Amnesty İnternational” təşkilatı bu dəfə də öz köhnə ampluasında qalmaqda davam edib. Belə ki, adıçəkilən təşkilat amerikalı rəsmini Azərbaycan hakimiyyətinə təzyiq etməyə çağırıb. Göründüyü kimi, bu məsələnin arxasında siyasi sifarişin olması şübhəsizdir və ABŞ-ın anti-Azərbaycan dairələri əllərinə düşən hər imkanda bu məsələdən yararlanmağa cəhd göstərir.

ABŞ kimi ölkənin ağır ranqlı siyasiləri qarşısında qoyulan uğursuz “tələb”

Qeyd edək ki, “Amnesty İnternational”ın açıq-aşkar qərəz çağırışında “siyasi məhbus” və bu kimi digər məsələlər səsləndirilib, eləcə də bəlli səbəblərə görə - daha dəqiq desək, hüquqi normativləri aşdıqlarına və siyasiləşmələrinə görə vəkillik hüquqlarından uzaqlaşdırılmış şəxslərin öz işlərinə bərpası kimi tələblər irəli sürülüb. Söz yox ki, bütün bunlar eyni zamanda, ABŞ-ın ictimai—siyasi həyatına kifayət qədər sirayət etməyi bacaran erməni lobbisinin də marağında olan bir haldır.

Bu arada, onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən müraciətin daha bir tərəfi ABŞ kimi ölkənin ağır ranqlı siyasiləri qarşısında qoyulan uğursuz və dırnaqrarası tələbdir. Çünki həmin “müraciətdən” də açıq-aydın görünür ki, Ağ Ev rəsmisindən diplomatik prosedurları pozmaq, eyni zamanda, digər dövlətin daxili işlərinə müdaxilə etmək kimi tələblər edilir.

“Amnesty İnternational” kimi təşkilat Azərbaycan dövləti üzərində oynadığı bu oyunundan da məğlub ayrılacaq

Son olaraq isə, belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə, belə bir “tələbin” edilməsi heç bir diplomatik çərçivəyə sığmır bu da onun göstəricisidir ki, ortada açıq-aşkar və birtərəfli mövqe mövcuddur. Bu mövqe isə ilk olaraq, erməni lobbisinin maraqlarına və bu lobbidən maddi şəkildə yararlanan korrupsiyalaşmış bəzi ermənipərəst amerikalı siyasətçilərə xidmət edir.

Həmçinin, “Amnesty İnternational”ın növbəti siyasi oyunbazlığı beynəlxalq konvensiyaya əsaslanan dövlətlərarası münasibət normativlərinə ziddilik təşkil edir. Ancaq əminliklə deyə bilərik ki, cənab Bolton ümumiyyətlə, belə bir “müraciəti” ciddi hesab etmir və heç vaxt həmin “tələbləri” səsləndirməyəcək və “Amnesty İnternational” kimi təşkilat Azərbaycan dövləti üzərində oynadığı bu oyunundan da məğlub ayrılacaq. Bax, buna əmin olar bilərlər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə