“Paşinyan "küçə" amilindən məharətlə istifadə edir” ÖZƏL-RƏY

“2008-ci ildə dinc aksiyanın dağıdılmasına, konstitusion quruluşun dəyişdirilməsinə cəhdə görə ittiham olunaraq həbs edilmiş və sonradan azadlığa buraxılmış sabiq prezident Robert Köçəryan öz rəqibinə qarşı müqaviməti gücləndirmək niyyətindədir. Belə ki, Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandanı "komediya klubu” adlandıran, hazırda müxalifət cəbhəsində bir boşluq gördüyünü bəyan edən sabiq prezident öz partiyasını yaratmaq və daha aktiv siyasi mübarizəyə başlamaq fikrinə düşüb”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, 10 ildən çox aktiv siyasətdən uzaqlaşdırılmış Köçəryanın belə bir fikirə düşməsi, şübhəsiz, onun yenidən hakimiyyətə gəlmək istəyindən qaynaqlanır: “Dediyinə görə, İrəvandakı mövcud vəziyyət onu bu prosesə cəlb edir. Buna rəğmən, Köçəryan, həmçinin bildirib ki, dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacaq. O bunu vaxt məhdudluğu ucbatından real qüvvə formalaşdıra bilməyəcəyi ilə izah edib. Onun fikrincə, indiki hadisələr fonunda Paşinyan qalib gələcək.

Bu isə Köçəryan-Paşinyan qarşıdurmasının yeni müstəviyə qədəm qoymasından xəbər verir. Bəzi şərhçilər Köçəryanın belə bir fikrə düşməsini rəsmi Moskva ilə əlaqələndirirlər. Guya Rusiya onu Ermənistanın rəhbəri kimi görmək istəyir. Əksəriyyət isə Köçəryanın bu iddiasının əsasında Paşinyandan qisas almaq dayandığını vurğulayır. Bildirirlər ki, Paşinyanın "Qarabağ klanı”na qarşı addımları müxalif cəbhənin tamamilə dağılmasına gətirib çıxarıb. Köçəryan isə bunu həzm edə bilmir.

Fikrimcə, sabiq prezidentin yaradacağı partiyanın heç bir perspektivi yoxdur. Belə ki, erməni xalqı çox gözəl bilir ki, onun yenidən iqtidara gəlmək iddiası ölkəyə yaxşı heç nə vəd etmir. Çünki Levon Ter-Petrosyandan sonra "Qarabağ klanı” 4 dönəm hakimiyyətdə olub və bu müddətdə xalqı səfalətlərə düçar edib. Elə bu səbəbdən də bundan sonra Ermənistanda mövcud cəmiyyət Qarabağdan çıxan hər hansı bir siyasətçiyə çətin ki, etimad göstərsin, ona rəğbət bəsləsin. Görünür, Köçəryan hakimiyyət uğrunda mübarizədə öz maliyyə imkanlarına arxalanır. Ancaq Paşinyanın populist çıxışları ilə xalqı ələ alması, çətinə düşən kimi kütləni meydanlara toplaması, başqa sözlə desək, “küçə” amilindan məharətlə istifadə etməsi hazırda İrəvanda bu məsələdə maliyyənin o qədər də önəmli rol oynaya biləcəyi ehtimalını sıfıra endirir.

Paşinyana gəldikdə isə… O, 6 aylıq idarəçiliyini əsasən özünün hakimiyyətdə möhkəmlənməsinə və özünə qarşı olanları aradan götürməyə sərf edib. Bu məsələdə o, artıq öz istəyinə çatıb. Lakin ölkədə xalqın güzəranının yaxşılaşdırılması istiqamətində hər hansısa ciddi bir addım atmayıb. Odur ki, hazırda Ermənistan problemlər gölündə üzməkdədir; yəni yoxsulluq pik həddə çatıb, iqtisadiyyat iflic olub.Paşinyan baş nazir olandan sonra ölkəni tərk edənlərin sayı daha da artıb. Lakin bunların heç birini vecinə belə almayan Paşinyan indi də özünü hakimiyyətə gətirmiş çevrilişi seçki yolu ilə legitimləşdirməkdədir. Amma bu da daha ciddi gərginliklərlə müşahidə olunur. Şübhəsiz, bu qarşıdurmalar, yaranmış vəziyyət Ermənistanda daxili situasiyanın istənilən halda nəzarətdən çıxmasına rəvac verəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə