İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib FOTOLAR - VİDEO

Bu gün “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Toplantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Tədbirin rəsmi açılış mərasimindən sonra sessiyalarda müxtəlif yaradıcılıq sahələrində vəziyyətin təhlili, imkanları, inkişaf perspektivləri, yaradıcılıq fəaliyyəti üçün şərait və görülmüş işlərlə bağlı gənclərin və ekspertlərin iştirakı (dövlət rəsmiləri, yaradıcılıq ittifaqlarının nümayəndələri) ilə bölmə iclasları keçiriləcək. Günün ikinci yarısında dörd fərqli istiqamətdə (intellektual inkişaf, elm, təhsil, kino, teatr, ədəbiyyat, musiqi və rəqs, təsviri və dekorativ-tətbiqi sənət, foto) paralel görüşlər olacaq. Bu görüşlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə keçiriləcək.

Tədbirdə ümumilikdə həm paytaxt Bakıdan, həm də respublikanın bütün şəhər və rayonlarından 500-dən artıq istedadlı gənc iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə