Nikol Paşinyan: “Revanş olmayacaq”

“Ermənistan vətəndaşlarını növbədənkənar seçkilərə real şəkildə hazırlaşmağa çağırıram”. SİA xəbər verir ki, Nikol Paşinyan bu sözlərini Facebook sosial şəbəkəsi vasitəsi ilə çıxış etdiyi canlı yayımda deyib. Belə ki, Ermənistan parlamentində seçki kodeksinə əlavə və dəyişikliklərlə bağlı layihəsinin qəbul olunmayaraq, iflasa uğramasının ardınca Paşinyan bildirib ki, parlament bu səsvermə ilə növbəti dəfə sübut etdi ki, növbədənkənar seçkilərin keçirilməsi qaçılmazdır və bunu etmədən biz sadəcə hər hansı bir addımı ata bilməyəcəyik. “Bugünkü (dünənki-red.) səsvermə öz mahiyyəti ilə göstərdi ki, parlament çoxluğu (respublikaçılar-red.) və onların tərəfdarları sabotaj siyasəti yürütmək üçün hər şey edirlər”.

Paşinyan respublikaçıların son iki həftədə bir neçə dəfə sabotaja əl atdıqlarını deyib və bildirib ki, məhz bu vasitə ilə növbədənkənar parlament seçkilərini revanş alətinə çevirəcəklər. O, dolayısı ilə respublikaçılara təhdid ünvanlamağı da unutmayıb. “Hətta növbədənkənar parlament seçkiləri mövcud seçki kodeksi ilə keçirilərsə belə, bu heç nəyi dəyişməyəcək, belə ki, xalqın qələbəsi mütləqdir. Keçmişə geri qayıdılmayacaq”, deyən Paşinyan erməni xalqını real şəkildə növbədənkənar seçkilərə qatılmağa səsləyib: “Hakimiyyəti dəyişdirmək üçün sona qədər getməyə çağırıram. Hər-hansı seçki kodeksindən asılı olmayaraq, revanş olmayacaq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə