“Siyasi mühacir” mövzusu barədə mediamızda çox faktlar yazılıb və bu istiqamətdə bir çox siyasi dəllallar ifşa olunub. Lakin ifşa olunmuşlar arasında daha çox adı hallanan əlbəttə ki, AXCP sədri Əli Kərimlidir. Maraqlısı da budur ki, Ə.Kərimlinin bu istiqamətdəki fəaliyyətini əks etdirən sənədlər və sübutlar ortada ola-ola, o hələ də həmin danılmaz sübutları “hakimiyyətin ona qarşı apardığı qara PR kampaniyası” adlandıraraq, “çulunu sudan quru çıxarmağa” cəhd göstərir.

Ən maraqlısı isə budur ki, AXCP sədrinin saxta sənədləri əsasında “siyasi mühacir” alanların əksər çoxluğu ya cinayətkarlar, ya da fərarilərdir. Bəli, məhz vətən üçün xidmətdən boyun qaçıran, xilasını xarici ölkələrdə axtaran fərarilər!

Saxta mühacir adını almaq üçün isə həmin adamlar qarşısında müəyyən şərtlərin qoyulması da sirr deyil. Facebook-da dövlət, hakimiyyət əleyhinə statuslar paylaş, AXCP-“Milli Şura” cütlüyünün mitinq və aksiyalarına qatıl, polisə qarşı müqavimət göstər, eləcə də 15 sutkalıq həbs qazan...Vəssəlam, bununla da sənin Avropa ölkələrinə yolun açılır və olursan “siyasi mühacir”. Söz yox ki, əsas məsələ bütün bunları reallaşdırmaq üçün əlinin cibində olmasıdır. 5-6 min manatından keçmək bütün bunların təməlində dayanır.

Elə də uzağa getməyərək, həm də belə bir faktı xatırlaya bilərik. Hələ şanlı Aprel müharibəsi zamanı Ordumuzun qazandığı möhtəşəm qələbənin ardınca, “Milli Şura”nın mitinqində çıxış edən Ə.Kərimli bu qələbəyə hər vəchlə kölgə salmağa çalışdı. Hətta vəziyyət o dərəcəyə gəlib-çatdı ki, erməni mətbuatı onun fikirlərini tirajlayaraq, dövlətimiz əleyhinə istifadə etdi.

Əslində bənzər faktlar kifayət qədərdir. Misal üçün, Ə.Kərimli indi də hərbi xidmətdən yayınmaq istəyənlərə “krışalıq” edir, belələrinin ölkədən çıxması üçün ayrıca biznesini qurur. Məsələn, Nərimanov rayonunda hərbi qeydiyyatda olan Əhədov Ərşad Niyazi oglu və onun qardaşı Əhədov Əsgər Niyazi oğlunu götürək. Bu gənclərin ataları Niyazi Əhədov (belə atalar utanmalı və yerə girməlidirlər!-R.) övladlarını hərbi xidmətdən yayındırmaq üçün birbaşa AXCP sədri Ə.Kərimliyə müraciət edib (???!!!-R.) və nəticədə Almaniyada oturum almaq üçün ölkədən çıxarıb. 23 və 21 yaşlı bu iki gəncin Azərbaycanda hansı siyasi fəaliyyətinin olduğunu kimsə bilmir, hər halda müxalif cameədə onları fəal mübariz kimi tanıyanın olacağını da güman etmirik. Sadəcə, fakt budur ki, Ə.Kərimli bu kimi çirkin əməlləri ilə açıq-aşkar cinayət törətmiş olur. Və maraqlıdır ki, o hələ nəyə görə azadlıqda gəzib, mühacir biznesini yürüdür?! Çünki o, birbaşa fərariliyə söykənən bir hala rəvac verib!

Yeri gəlmişkən, Kərimlinin bu biznes imperiyası da çökmə ehtimalını daşıyır. Çünki onun sədrlik etdiyi partiyasının möhürü və ştampı olmadığına görə, göndərdiyi adamlara sadəcə dəstək məktublarını satır. Artıq, Almaniyanın miqrasiya idarələri bu kimi dəllallığın üstünü açıb. Yəni, Almaniyanın müxtəlif torpaqlarının miqrasiya idarələri bu dəstək məktublarından çox görüb, ona görə də hər iki gənci və onları vətənə hərbi xidmətdən yayındıran atalarının Azərbaycana, xalqını təhqir etdikləri vətənə qaytarılması gözlənilir.

Hələ bu harasıdır? Onlar Azərbaycana göndərildikdən sonra (bəlkə də göndəriliblər-R.) ataları gedib yapışacaq Ə.Kərimlinin xirtdəyindən ki, iki fərari övladı üçün ona xərclədiyi 10-12 min manatını da geri qaytarsın....

Bax, məsələ də budur ki, Ə.Kərimli belə gəncləri zəhərləyərək, adını “vətənə xidmət” kimi tərənnüm edir, halbuki, boyunlarına fərarilik (!-R.) yükü qoyur. Sirr deyil ki, AXCP sədri bu yükü oğlu Türkel Kərimlinin də boynuna qoyub. Bu gün fərari oğlundan cuşa gələn Ə.Kərimli çox yəqin ki, bu əməllərinə görə cavab verməli olacaq. Yəqin ki, mühacir biznesi çökdükdən sonra...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə