"STAR" Azərbaycan və Türkiyə xalqı üçün yeni rifah mənbəyidir" MÖVQE-ÖZƏL

“Qardaş Türkiyənin İzmir şəhərində “Star” zavodunun fəaliyyətə başlaması iki ölkənin böyük iqtisadi gücünü göstərən fakt olmaqla bərabər, həm də dünya üzrə birgə dövlətlərarası investisiyalar tarixində çox az sayda bənzəri olan hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, “Star” zavodunun tikintisinə qoyulan 6,5 milyard dollar investisiya qədər ümumi dövlət büdcəsi olan ölkələr dünya üzrə azı 15 faiz təşkil edir: “Yəni illik büdcəsi ayrılıqda 6,5 milyarda çatmayan ölkələrin sayı dünya üzrə 15 faiz təşkil edir. Bu adi fakt deyil. Belə irimiqyaslı investisiya layihəsi Türkiyə-Azərbaycan işbirliyinin dönməzliyinə və əbədiliyinə ən böyük təminat faktorudur”.

“Star” zavodunun iki qardaş ölkənin həqiqətən də nə qədər güclü iqtisadiyyata malik olduğunu bütün dünyaya göstərdiyini deyən baş redaktor söyləyib ki, bu nəhəng layihə Azərbaycan və Türkiyə xalqı üçün yeni rifah mənbəyi, minlərlə iş yeri, illərlə davam edən stabil gəlir mənbəyi deməkdir: “Xalqlarımızın bir neçə nəsli Prezident İlham Əliyev və Ərdoğan anlaşmasının böyük təcəssümü olan bu layihənin bəhrələrini öz gündəlik həyatlarında hiss edəcəklər”.

A. Quliyev vurğulayıb ki, maraqlı məqamlardan biri zavoddan əldə ediləcək böyük gəlirlərin hər iki ölkənin iqtisadiyyatlarının başqa istiqamətlərinin də gələcək inkişafına təkan verəcək və maliyyə bazasına çevriləcək: “Zavodun artıq indidən Türkiyənin ilk xüsusi sənaye bazası statusunu alması onun daha geniş miqyaslı perspektivlərindən xəbər verir. “Star” zavodu Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin və iki ölkə liderlərinin siyasi iradə birliyinin nə qədər dərin və möhkəm olmasının nümayişi baxımından da olduqca əhəmiyyətlidir. Bütün dünya, dostlar da, düşmənlər də aydın bir mesaj aldılar ki, tikintisi illərlə davam edən 6,5 milyardlıq layihəyə tərəddüdsüz imza atılması arada tam və pozulmaz etimadın olduğundan xəbər verir. “Star” dostluq və qardaşlığın, pozulmaz strateji birliyin qürur və örnək mənbəyi olan simvoludur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...