“Rusiyalı deputatın Xocalı soyqırımı barədə dedikləri müsbət tendensiyadan xəbər verir” ÖZƏL-MÖVQE

“Rusiyada ermənilərin bu regionda törətdiyi cinayətlərin tarixini yaxşı bilirlər. Onlar bilirlər ki, artıq 100 ildən çoxdur ki, ermənilər azərbaycanlılara qarşı müxtəlif formalarda soyqırımılar, deportasiyalar həyata keçirir və nəticə etibarilə bu xalqa qarşı zülm edirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə Xocalı soyqırımı uzaq bir tarix deyil: “Onun baş verməsi çoxlarının yaddaşındadır. Bununla bağlı kifayət qədər audio, video, fotolar vardır ki, bu qırğının miqyasını əyani surətdə açıb göstərir. Bu məsələnin Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tərəfindən açıqlanması və onun bütün dünyada tanınmasına çağırış edilməsi çox əlamətdar bir faktdır. Bu onu göstərir ki, son vaxtlar Kuznetsov, Savelyev kimi deputatlar hamısı Azərbaycanla bağlı həqiqətləri söyləməyə başlayıblar. Təbii ki, bu da müsbət tendensiyadan xəbər verir”.

Qeyd edək ki, Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar: “Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”,-deyə rusiyalı deputat əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə