Müxalifətdə ara qarışıb, məzhəb itib TƏRS BAXIŞ

Qarşıdurmalar isə daha da şiddətlənib

Ənənəvi müxalifətdə gərgin vəziyyət davam edir və bu vəziyyət daha çox uçurumda olan müxalifətin dağ keçiləri tək bir-birlərinə buynuz çırpmaları təsirini bağışlayır. Belə bir vəziyyətin yaranmasında əsas səbəbkarlardan biri də hazırda İngiltərədə yaşayan “hüquq müdafiəçisi” Qurban Məmmədovdur. Daha dəqiq desək, düşərgədə aranın qarışmasına və məzhəbin itməsinə baiskar olan onun ciddi və kəskin ittihamlarından doğan ifadələr olub. Düşərgə “liderlərini” nəzərdə tutaraq, “onların başlarına od ələyəcəyəm”, “dağıdacağam” və s. kimi radikal fikirlərinin ardınca, başlayan hücumlar sonradan partiya və təşkilatlararası qarşıdurmalara doğru istiqamət almağa başladı. Söz yox ki, şəxsi mənfəətlərini gücən “liderlər” və onların ətrafları çıxış yolunu yalnız həqarət və təhqirlərdə gördülər. AXCP, “Milli Şura” cütlüyündən tutmuş Müsavata qədər hər kəs hücuma start verdi.

Erkin Qədirli nəyə görə Qurban Məmmədovun aqibətini yaşamalı oldu?

Digər tərəfdən, şəxslərarası müstəviyə də keçid alan ziddiyyətlər daha pik həddə qədər inkişaf etdi ki, bunu hal-hazırda da müşahidə etməkdəyik. Məsələn, “hüquqşünasın” ittihamlarında həqiqətin olduğunu deyən siyasi qurumlardan biri də REAL partiyasının rəhbərliyi oldu. Baş verənlərə aydınlıq gətirərkən, o müxalifətin səriştəsizliyini, bacarıqsızlığını və bu kimi amillərdən doğan reallığı önə sürərək, mövcud iqtidarın hakimiyyətdə qalmasının tərəfdarı olduğunu bildirdi. Adıçəkilən təşkilatın məclis sədri Erkin Qədirlinin bu sözəri də ənənəvi düşərgə tərəfindən hədəfə götürüldü və o da Q.Məmmədovun söyülmək aqibətini yaşamalı oldu.

İqbal Ağazadə, İsa Qəmbər və Arif Hacılının pullarını qərargahdan alt paltarları vasitəsi ilə çıxaran qadınların adlarını açıqlayacaqmı?

Lakin bu da son olmadı, yüksək sürətlə yerindən götürülmüş qarşıdurmalar Müsavat və “Ümid” partiyaları arasında yeni savaş meydanı açdı. Meydan TV-də debata çıxan tərəflər bu dəfə 2003-cü ilin 15-16 oktyabr hadisələrinin müzakirəsini apararkən, bir-birlərinə olmazın təhqirlər yağdırdılar. İqbal Ağazadənin həmin ərəfələrdə Müsavatın, xüsusilə İsa Qəmbərlə Arif Hacılının pullarının (təxminən, 3 milyon dollar) hansı qadınların alt paltarında çıxarılması, İ.Qəmbərin qorxaraq, meydandan qaçması faktlarını açıqlayacağı barədə xəbərdarlığı A.Hacılını özündən çıxardı və o debatı yarımçıq tərk etməli oldu. Fəqət, bu da maraqlıdır ki, görəsən, İqbal Ağazadə, İsa Qəmbər və Arif Hacılının pullarını qərargahdan alt paltarları vasitəsi ilə çıxaran qadınların adlarını açıqlayacaqmı? Çox yəqin ki, onun üzərinə daha da çox gedilərsə, o bunu da edə bilər.

Ümumiyyətlə, “səviyyəsiz”, “tərbiyəsiz”, “alçaq”, “şərəfsiz” kimi ifadələrin isə göydə uçuşması bir daha təsdiq etdi ki, əslində, bu cür müxalifətin hakimiyyətə gəlməsi Azərbaycanı ağır duruma sürükləyər, hətta dövlətçilik maraqlarımıza ciddi xələl vurula bilər. REAL funksioneri E.Qədirli də məhz bu kimi faktorları nəzərdə tutaraq, belə müxalifətin hakimiyyətə yaramadığını etiraf edib.

Rəhim Qazıyev də İqbal Ağazadənin ittihamlarını təsdiqlədi, Gülağa Aslanlı isə cavab vermək yerinə...

Ancaq bu da son olmadı. Növbəti düşərgədaxili savaş sabiq müdafiə naziri, birinci Qarabağ müharibəsində Şuşanı erməni işğalçılarına təhvil verən Rəhim Qazıyev də İ.Ağazadənin sözlərinə dəstək verib və 2003-cü ilin 16 oktyabr tarixində partiya rəhbərliyinin 3 milyon dolları aradan çıxardığını bildirib.

Maraqlı məqam isə budur ki, Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlıya bu ittihamlar barədə sual edilərkən, o yalnız ittihama-ittiham cavabı ilə çıxış edib və “Rəhim Qazıyev kimi vətən xainlərinin sözünə şərh vermirəm. Belə də yazın...”, deyə bildirərək, əsl ittihamları cavabsız qoyub. Bunu isə həmin ittihamın dolayı yolla qəbul edilməsi, yəni həqiqətən də Müsavat partiyasının 3 milyon dolları aradan çıxarması etirafı kimi də qəbul etmək olar.

Beləliklə, vəziyyətin çərçivədən çıxaraq, ümummüxalifət qarşıdurmasına çevrilməsi növbəti dəfə sübut edir ki, köhnə ənənələrindən – küçə təfəkküründən heç də uzaqlaşmayan siyasətbazlar cameəsi hətta illər keçsə belə, düzələn deyillər.

Bəs, Əli Əliyevi nə gözləyir?

Sözügedən məsələlərə VİP sədri Əli Əliyev də ilginc münasibət göstərib. Onun sözlərinə görə, müxalifət rəhbərləri iqtidarla mübarizə aparmağı kənara qoyaraq, “vahid lider olmaq” ambisiyalarından çıxış edir və bu da mövcud qarşıdurmaların yaranmasına istər-istəməz səbəb olur. Bu baxımdan, “məram isə məğlubiyyətlə barışmış bir sıra təşkilatların yeni müxalifətə müxalifətçilik etmək arzusudur”, deyən müxalifətçi partiya sədri bildirib ki, məqsəd, hakimiyyətə gəlmək deyil, müxalifətin lideri olmaq uğrunda mübarizə alovlanıb. Çox yəqin ki, VİP sədrinin bu ittihamları da digər radikallar tərəfindən cavabsız qalmayacaq və onu da Q.Məmmədovun, İ.Ağazadənin, E.Qədirlinin aqibəti gözləyəcək. Hər halda, onun da ifadələrində kəskin tənqidlər mövcuddur.

Nəticə olaraq, bir daha belə qənaətə gəlmək olar ki, körüklənən savaş və qarşıdurmalar bundan sonra uzun müddət davam edəcək. O zamana qədər ki, düşərgədəkilər bir-birlərini tam şəkildə didib-məhv edincəyə qədər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə