Bəhruz Quliyev: “Ölkələrimiz arasında dostluq və qardaşlıq regionun tərəqqisinə xidmət edir” MÖVQE

“Azərbaycanın qardaş Türkiyə ilə mövcud iqtisadi münasibətlərin ən yüksək səviyyədə inkişafı ilk növbədə belə deməyə əsas verir ki, ölkələrimiz arasında olan sarsılmaz bağlılıq telləri bilavasitə regionun tərəqqisinə öz əvəzsiz töhfələrini verməkdədir”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Türkiyədə “Star Rafineri” neft emalı zavodunun açılışı ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Siyasi ekspert bildirib ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi eyni zamanda ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir: “Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub”.

Bəhruz Quliyev bu münasibətlərin tarixi əsaslara söykəndiyini deyib və bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin də təmsil olunması, bu kimi tarixi təşəbbüsdə Ulu Öndər Heydər Əliyev faktoru Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü kimi qiymətləndirilməlidir: “Ümumiyyətlə, Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi hər iki ölkə üçün vacib və əhəmiyyətlidir. Buna misal olaraq, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edilməsi və bu layihənin reallaşdırılması, Şərq-Qərb enerji layihəsinin rolu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin gerçəkliyə çevrilməsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir”.

Ekspert onu da xüsusilə vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi regionda yeni-yeni layihələrin, təşəbbüslərin reallaşdırılmasına münbit şərait yaradır: “Adı çəkilən layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırıb. TANAP layihəsi həyata keçirildikdən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksəlib. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitədir. Belə ki, Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan vermək gücünə malikdir”.

“Beləliklə, həm də belə nəticəyə gələ bilərik ki, “Star Rafineri” zavodunun açılışı ölkələrimiz arasındakı qardaşlıq tellərini daha da möhkəmləndirir və dövlət başçılarımızın güclü siyasi iradə nümayiş etdirərək qarşıya qoyulan məqsədləri həyata keçirmələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”, deyə qeyd edən “SƏS” qəzetinin baş redaktoru onu da bildirib ki, məhz bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz: “Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə