Türkiyə-Azərbaycan birliyi sarsılmaz, əbədidir! ANALİTİK

Tarixi reallıqlar da bu faktoru sübut edir

İzmirdə “Star” neft emalı zavodunun açılışı və bu kimi mühüm tədbirdə Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iştirakı, eləcə də söylədikləri əhəmiyyətli fikirləri bir daha sübut etdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq telləri bundan sonra da sürətlə inkişaf edəcərək, regionun tərəqqisinə öz töhfələrini verəcək. Belə ki, Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəlif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Münasibətlər, həm ictimaiyyətlər arasında, həm də dövlət rəsmiləri və siyasətçilər tərəfindən daha çox “bir millət, iki dövlət” şüarı ilə xarakterizə edilir ki, bu cür analoqu olmayan mühüm fikir həmin münasibətlərin təməlində tarixi, mədəni, milli, dini, ictimai və digər bu cür səbəblərin yer almasından qaynaqlandığını sübuta yetirməkdədir.

İki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir

Lakin ən əhəmiyyətli faktor budur ki, beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətlərinin həm də strateji ortaq ifadəsi ilə dəyərləndirilməsi qeyd edilən fikirləri köklü şəkildə dəyərləndirilməkdədir. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir.

Onu da qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri təşkil edir. Belə ki, bu günə qədər həyata keçirilmiş BTC, BTQ, BTƏ kimi layihələr, o cümlədən, TAP, TANAP kimi mühüm təşəbbüslərin gerçəkləşdirilməsi, həmin istiqamətdə əldə edilən uğurlar qeyd olunan fikirləri kifayət qədər təsdiq etməkdədir. Məhz bu mənada, əməkdaşlığı möhkəmləndirən növbəti – “Star” neft emalı zavodunun açılışı da bu cür qənaətə gəlməyə zəmin yaradır ki, ölkələrimiz arasında bundan sonra da iqtisadi və s. əlaqələri tərəqqi yolunu tutacaq.

Azərbaycanda Türkiyə sərmayəsinin, son illərdə isə Türkiyədə Azərbaycan sərmayəsinin rolu öz əhəmiyyəti ilə seçilir

Tarixi həqiqətlərdən biri də budur ki, ölkələrimiz arasındakı ikitərəfli iqtisadi əlaqələr baxımından əhəmiyyətli bir qurum kimi fəaliyyət göstərən iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyası da mövcuddur və bu komissiya qarşıda dayanan vəzifələrin icrası istiqamətində öz mühüm rolunu oynamaqdadır.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda Türkiyə sərmayəsinin, son illərdə isə Türkiyədə Azərbaycan sərmayəsinin rolu öz əhəmiyyəti ilə seçilir. İzmirdə açılan “Star” neft emalı zavodu da bu amili sübuta yetirən reallıqdır.
Nəticə kimi qeyd etmək olar ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin tarixi xarakterik münasibətləri iqtisadiyyatla yanaşı, həm də siyasi, hərbi, mədəni istiqamətlərinin də daha çox diqqət mərkəzində qalmasına səbəb olub. Bu baxımdan, beynəlxalq münasibətlər sistemində ağırlığı getdikcə artan iqtisadi amillər Azərbaycan-Türkiyə qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət etməkdədir.

Bu, qardaş ölkələrin bütün maraqlarını təmin edən mühüm gerçəklikdir

Bu arada daha, bir maraqdoğurucu məqama da toxuna bilərik ki, son illərdə Türkiyəyə qoyulan Azərbaycan sərmayəsindəki artım xüsusilə böyük kapital tələb edilən sektorlarda müşahidə olunur. Bütün bunların həyata keçirilməsi isə iqtisadi münasibətlərin strateji xarakterini ön plana çıxarır. Eyni zamanda, Azərbaycanda və Türkiyədə işadamlarının birləşdiyi təşkilatların (TÜSİAB, ATİB, Türkiyədə Azərbaycanlı İşadamları Dərnəyi) fəaliyyətlərini artırmaları və iqtisadi fəaliyyətərlə yanaşı, elmi-tədqiqat, sosial və mədəni sahələrə də diqqət ayırmaları ümumən ikitərəfli münasibətlərə fayda verir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sağlam təməllər üzərində inkişaf etməsi, iqtisadi sahələrdəki ardıcıl uğurlar ikitərəfli, eləcə də digər ölkələri cəlb edə biləcək çoxtərəfli böyük layihələrin də həyata keçirilməsinə önəmli təkan verir. Bu, qardaş ölkələrin bütün maraqlarını təmin edən mühüm gerçəklikdir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə