"Azərbaycan Türkiyə dostluğunun səmərəsi bütün sahələrdə özünün göstərir" RƏY-ÖZƏL

"Türkiyədə “Star” zavodunun açılışı tək region, Azərbaycan və türkiyə üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətli hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, birincisi 6.3 milyard dollarlıq meqa layihə bugünkü gündə dünyanın heç bir yerində yoxdur: “ İkincisi iki dost, qardaş ölkə özünün yaxın münasibətlərini, eyni zamanda iqtisadiyyatda da konkret fəaliyyət ortaya qoydular. Müəssisənin işə düşməsi ilk növbədə siyasi əhəmiyyət kəsb edir. Bu iki ölkənin dostluğunu, bütün məsələlərdə birgə fəaliyyətinin göstəricisidir”.

Deputatın sözlərinə görə, Azərbaycan Türkiyə dostluğunun səmərəsi bütün sahələrdə özünün göstərir: “Tək iki ölkə üçün deyil, ümumilikdə region üçün stabillik, inkişaf və dostluq mühiti yaradır. İqtisadi cəhətcə layihə Azərbaycan kapitalı ilə inşa edildiyinə görə, gələcəkdə mütəmadi olaraq ölkəmizin büdcəsinə böyük həcmdə xarici valyutanın daxil olmasına imkan yaradacaq”.

A.Mirzəzadə qeyd edib ki, həyata keçirilən layihə ilə ölkəmiz xaricə uğurlu investisiya siyasətini tək Türkiyədə deyil, dünyanın digər bölgələrində həyata keçirmək təcrübəsi əldə edir: “Türkiyə üçün səmərəsi üçün ilk növbədə qardaş ölkənin daxili bazarının 25 faiz xarici importdan azad olmasına gətirib çıxaracaq. Türkiyə “Star” zavodunun buraxdığı məhsulları xaricdən almaq üçün sərf etdiyi 1.5 milyard dollar vəsaitə qənaət etmiş olacaq. Həmçinin Türkiyədə çoxlu sayda iş yeri yaradacaq ki, bu qardaş ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisədir”.

Deputat əlavə edib ki, ümumən götürdükdə əgər əvvəllər regional layihələrdə əsasən Türkiyə-Azərbaycan- Gürcüstan iştirak edirdisə, artıq bu layihələrə 10-a qədər dövlət cəlb olunub ki, bu da Azərbaycan-Türkiyə dostluğunun dünya üçün cəlbedici olduğunu göstərir: “Həmçinin Azərbaycan üçün Türkiyənin inkişafı çox əhəmiyyətli bir məsələdir. Ölkəmiz xarici siyasətində bunu daim diqqətində saxlayır. Azərbaycan problemləri isə bu gün dost Türkiyə üçün özünün milli maraqları kimi daim gündəmdə olan məsələdir. Ötən gün nəhəng “Star” zavodunun açılması, bir daha göstərdi ki, əməkdaşlığın, dostluğun sərhədi yoxdur və qonşu ölkələr Azərbaycan və Türkiyə kimi dostluğu, əməkdaşlığı möhkəmləndirməklə böyük uğurlar qazana bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə